12 Mart 2022
Mətni dəyiş
İtaliyanın Maliyyə Qvardiyası sanksiyalara məruz qalan rusiyalı iş adamı Andrey Melniçenkoya məxsus “A” yaxtasını həbs edib. Bu barədə “La Repubblica”, “Corriere della Sera”, həmçinin “RİA Novosti” İtaliya hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
Söhbət uzunluğu 143 metr, dəyəri təxminən 530 milyon avro olan üç yelkənli “A” yaxtasından gedir. Həbs edilən zaman gəmi Trieste limanında olub.
“A” yaxtası dünyanın motorlu mühərrikli ən böyük yelkənli gəmisi hesab olunur, RİA Novosti yazır. Onun yerdəyişməsi demək olar ki, 13 min tondur. Yaxta fransız sənaye dizayneri Filip Stark tərəfindən dizayn edilib və 2008-ci ildə suya buraxılıb.
Andrey Melniçenko Forbes jurnalının 2021-ci il üçün Rusiyanın ən zəngin iş adamları siyahısında səkkizinci yeri tutub. Real vaxt rejimində milyarderlərin sərvətini hesablayan jurnal xidmətinin məlumatına görə, Melniçenko və ailəsinin aktivləri 11,6 milyard dollara çatır.
Martın 9-da Avropa İttifaqı Rusiyanın Ukraynaya müdaxiləsi fonunda Melniçenkonu sanksiya siyahısına daxil edib. Bundan sonra iş adamı EuroChem və Sibir Kömür Enerji Şirkətinin (SUEK) direktorlar şuralarını tərk edib.
Bundan əvvəl sanksiyalar fonunda “Rosneft”in rəhbəri İqor Seçin və Əlişir Usmanovun yaxtalarının Fransa və Almaniyada həbsi ilə bağlı xəbər yayılmışdı.