İranlı riyaziyyatçı və fəlsəfə müəllimi İranda "senzuraya etiraz olaraq" ölkənin ilin kitabı mükafatından imtina edib.
Kaave Lacevardi martın 15-də bloq yazısında bildirib ki, Con Lokkun “İnsanlıq Anlayışı haqqında Esse” kitabının tərcüməsinə görə mükafatın müştərək qalibi seçildikdən sonra qərarını rəsmilərə çatdırıb.
Toronto Universitetində oxuyan, lakin Tehrana qayıdan Lacevardi deyib ki, onun kitabı senzuraya məruz qalmasa da bu, “nəşriyyatda senzuranın dəhşətli hökmranlığını” və “tərcüməçilərin, müəlliflərin və naşirlərin mülki hüquqlarının” pozulmasını görməyə mane olmur.
“Öz qərarımla, Mədəniyyət və İslami İrşad Nazirliyinin havadarlıq etdiyi çox adi və tamamilə irrasional və ola bilsin ki, qeyri-qanuni senzura rejiminə əvvəlkindən daha geniş şəkildə etiraz etmək üçün bu xüsusi mükafatı qəbul etmirəm” – deyə, o, yazısında bildirib.
İranda kitablar və filmlər də daxil olmaqla hər hansı bədii və ya mədəniyyət əsərinin nəşri yalnız nazirliyin və ya digər dövlət qurumlarının icazəsi ilə həyata keçirilir.
Lacevardi deyib ki, nazirlik “heç bir rasional və ya hüquqi səbəb göstərmək öhdəliyi olmadan” əsərdə dəyişiklik, o cümlədən ifadələrin və bütöv cümlələrin çıxarılmasını tələb edə bilər.
“Və bəzən silinməkdən də pis ola biləcək bir şey sifariş edirlər: onlar nəşri tərcüməçidən və ya naşirdən asılı vəziyyətə gətirirlər və alt başlıqda müəllifin səhv etdiyini, ya da səhvə yol verdiyini qeyd edirlər”- deyə, o bildirib.
“Hesab edirəm ki, kitab və jurnalların nəşri üçün hökumətin icazəsi tələb olunmamalıdır, hətta bununla bağlı demokratik şəkildə qəbul edilmiş açıq-aydın qanun olsa belə, hökumətdən əsərin ilkin nəşrini tələb etməyi ədalətsiz və əsassız hesab edirəm”, - deyə o əlavə edib.
Ölkənin ən nüfuzlu kitab mükafatı hesab edilən İranın İlin Kitabı Mükafatları hər il din, sosial elmlər, dil, tətbiqi elmlər, incəsənət və ədəbiyyat daxil olmaqla müxtəlif kateqoriyalar üzrə verilir.