30 Mart 2022
Mətni dəyiş
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 30-da Böyük Britaniyanın Silahlı Qüvvələr naziri, Böyük Britaniya parlamentinin üzvü Ceyms Hippini qəbul edib.
Görüşdə bu il Azərbaycanla Böyük Britaniya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğu məmnunluqla vurğulanıb və bu dövr ərzində ölkələrimiz arasında müxtəlif sahələrdə səmərəli əməkdaşlığın həyata keçirildiyi bildirilib. Bu münasibətlə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Boris Consonun Prezident İlham Əliyevə və dövlət başçısının Boris Consona ünvanlanmış təbrik məktublarının əhəmiyyəti qeyd edilib.
Bildirilib ki, 30 illik dövrdə uğurlu əməkdaşlığın həyata keçirilməsi əlaqələrimizin bundan sonra da genişlənməsi üçün yaxşı zəmin yaradır.
Görüşdə neft, qaz, Azərbaycan iqtisadiyyatına Böyük Britaniya tərəfindən sərmayə qoyuluşu, ticarət, nəqliyyat, müdafiə sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Söhbət zamanı NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli dəstək” missiyasında Azərbaycanın iştirakı qeyd edilib.
Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra bölgədə post-münaqişə dövründə gedən proseslər barədə danışıb.