Hərbi xidmətdə olan jurnalist: "Əsgər, çavuş heyəti minalanmış ərazidən odun toplayır"

Hərbi xidmətdə olan jurnalist: "Əsgər, çavuş heyəti minalanmış ərazidən odun toplayır"
30 Mart 2022
Mətni dəyiş

Hazırda hərbi xidmətdə olan jurnalist Fərid İsmayılov qeydiyyatda olduğu hərbi hissədəki problemlərlə bağlı sosial şəbəkə hesabında paylaşım edib

Fərid İsmayılov bildirib ki, hərbi hissədə vəziyyət dözülməzdir, sosial təminat yaxşı deyil, korrupsiya və rüşvət halları geniş yayılıb.

“9 aydır ki, hərbi xidmətdəyəm. Xidmət etdiyim hərbi hissə Silahlı Qüvvələrin Hərbi Nizamnaməsi ilə yox, meşə qanunları ilə idarə olunur. Bu hərbi hissə rəhbərliyində təmsil olunan şəxslərin məsuliyyətsizliyi ucbatında bir ömür mənimlə davam edəcək problemlər də yarandı, sağlamlığıma ciddi ziyan dəydi. Hələ də dəyməkdədir. Qarşılaşdığım problemlə bağlı nə vaxt yazıramsa, xidmət etdiyim bölmənin komandiri, münasibətim olan zabit heyəti danlanılır. Əminəm ki, növbəti dəfə də belə olacaq, amma buna da məcburam”, deyə o, qeyd edib.

"Çavuş heyəti öz maaşından əsgərlər üçün qida alıb gətirir"

Əsgər İsmayılov bildirib ki, xidmət etdiyi hərbi hissə bir generator, içməli su, qida problemini aylardır həll edə bilmir. Onun sözlərinə görə, pul aldıqları əsgərlər postlarda, pul verməyən əsgərlər ac-susuz, problemlərlə düşmənlə üz-üzə dayanır.

“3 gün bundan öncə kartof oğrusunu hərbi polis özü tutur, amma posta 1 kiloqram kartofu hərbi hissə rəhbərliyi günlərlə göndərmir. Təsəvvür edin ki, çavuş heyəti öz maaşından əsgərlər üçün qida alıb gətirir ki, xəstəlik yaranmasın. Hərbi hissə rəhbərliyi də gəlib utanmaz-utanmaz əsgərə ağıl öyrədir. Odun göndərmir, amma əsgər, çavuş heyəti minalanmış ərazidən odun toplayır. Bölməmin komandiri yuxarı komandanlığa problemləri, onların həll yollarını çatdırır, fayda isə yoxdur! Hərbi hissə rəhbərliyi yerdəyişmə aylarında puldan yığır, genəlir, Azərbaycan Ordusu qəzeti də düşməni tənqid edir”, - deyə jurnalist müraciətində qeyd edib.

"Prezident Qarabağa səfər edir deyə 2000-ə yaxın şəxsi heyət susuz qaldı"

Fərid İsmayılov bildirib ki, məzuniyyətdə olduğu müddətdə onunla əlaqə saxlayan Dövlət Təhlükəsizliyi Xidməti, Hərbi Prokurorluq, Müdafiə Nazirliyinin əməkdaşlarına problem bildirsə də, 1 ay müddətində heç biri də həllini tapmayıb.

"Kimə müraciət edək, Cənab Prezident?! DTX siyasi fəalların arxasınca düşdüyünə gəlsin xidmət etdiyim hərbi hissəni araşdırsın. Araşdırmır, niyə? Çünki bu çirkaba xirtdəyə qədər onlar da bulaşıb, boğulurlar, vicdan isə tərpənmir! Cənab Prezident, özünüz deyirsiniz ki, Azərbaycanın güclü ordusu var. Bəli, var, kifayət qədər güclü ordudur, amma bu ordunun əsgəri ilə maraqlanmırsınız, bir dəfə hansısa posta gedib əsgərlə kontaktda olmamısınız. Siz ötən ilin avqustunda Qarabağa səfər edirdiniz deyə 2000-ə yaxın şəxsi heyət susuz qaldı, içməli su gətirilmədi ki, yoldan Prezident keçəcək. Siz əsgərə 13 manat aylıq müavinətin verildiyi orduya güclü ordu deyirsiniz!"

AbzasMedia məsələ ilə bağlı Müdafiə Nazirliyindən münasibət alıb. Nazirlik Fərid İsmayılovun iddialarını təkzib edir.

“İlk olaraq qeyd edək ki, hərbi xidmətdə olan hər bir hərbi qulluqçunun ailə vəziyyəti, sosial statusu, cəmiyyətdə tutduğu mövqeyi və digər amillərdən asılı olmayaraq onlar nizamnamələrin tələblərinə uyğun olaraq xidmət keçir və komandanlıq tərəfindən eyni diqqət və qayğı ilə əhatə olunurlar. Bildirik ki, hərbi qulluqçunun məlum müraciətində səsləndirilən fikirlər yalandır, əsassızdır. Bu kimi qeyri adekvat çıxışlar Ordumuzun nüfuzuna xələl gətirmək istəyən qüvvələrin məqsədlərinə xidmət edir.

Sosial şəbəkələr vasitəsilə Ordumuzun xidməti fəaliyyətinə müdaxilə edilməsi cəhdini qəti surətdə pisləyir  və belə addımları yolverilməz hesab edirik”, - Müdafiə Nazirliyindən bildirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun