Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlük prosesinin başlanılmasının fonunda illərdir bu istiqamətdə addım atıb birliyə üzv ola bilməyən ölkələr də hərəkətə keçiblər.
İlk olaraq Türkiyə, daha sonra isə Gürcüstan birliyə qəbul edilməli olduqlarını bildiriblər. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası mövqe bildirərək ˝Türkiyə də təcavüzə məruz qalmalıdır ki, birliyə üzv qəbul edilsin?˝deyə soruşub.
Gürcüstan hökuməti isə təcili olaraq Avropa İttifaqına namizəd statusu almaq üçün ərizə hazırlayır, - hakim "Gürcü Arzusu" partiyasının sədri İrakli Kobaxidze bildirib.
O, Avropa İttifaqını ərizəyə “fövqəladə” baxmağa və Gürcüstana Aİ-yə namizəd statusunun verilməsi ilə bağlı qərar qəbul etməyə çağırıb.
2014-cü ilin iyununda Gürcüstan və Aİ arasında assosiasiya sazişi imzalanıb, onun bir hissəsi azad ticarət zonası haqqında sazişdir.
2017-ci ilin mart ayından Gürcüstan vətəndaşları turizm, işgüzar və qonaq səfərləri üçün Şengen ölkələrinə (180 gündən 90 gün) vizasız qısamüddətli səfərlər hüququ əldə ediblər.