Fransanın “Reno” şirkəti Rusiyada bütün əməliyyatlarını dayandırıb.
Şirkət açıqlama yayaraq fəaliyyətin dayandırıldığını təsdiqləyib: "Renault Qrupunun Moskvadakı istehsalat müəssisəsində bu gündən fəaliyyət dayandırılıb”, deyə bildirilib. Açıqlamada qeyd olunub ki, şirkətin Rusiyanın "AvtoVAZ" şirkətindəki 69 faizlik səhmlərinin taleyi də yaxın günlərdə aydınlaşacaq, hələlik qiymətləndirmələr aparılır. Gəlirlərinin 8 faizini Rusiyadan əldə edən “Reno” fəaliyyətini dayandırandan sonra mənfəət marjasını 4 faizdən 3 faizə endirib. Bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Fransa parlamentində çıxışı zamanı bildirmişdi ki, Fransanın "Renault", "Auchan" və "Leroy Merlin" şirkəti Rusiyada fəaliyyətini davam etdirməklə müharibəni maliyyələşdirir və fəaliyyətlərini davam etdirməməlidirlər.