'Fransa Türkiyə və Yunanıstanla birlikdə hər kəsin Mariupoldan çıxarılması üçün humanitar əməliyyat keçirmək istəyir'.
"Le Monde" nəşrinin məlumatına görə, bu sözləri Fransa lideri Emmanuel Makron deyib.
Fransa prezidenti bunun müstəsna humanitar əməliyyat olduğunu vurğulayıb: "Biz hər şeyi mümkün olan ən yaxşı şəraitdə təşkil edəcəyik".
Makron həmçinin bildirib ki, yaxın 48-72 saat ərzində Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı planlaşdırır. Söhbət zamanı Fransa lideri xüsusilə humanitar əməliyyatın təfərrüatlarını və şərtlərini müzakirə etmək niyyətindədir.
Mariupol Ukraynada müharibənin qaynar nöqtələrindən biri olan Donetsk vilayətinin cənubundakı böyük şəhərdir. Martın əvvəlindən rus qoşunları tərəfindən mühasirəyə alınıb. Bildirilib ki, şəhərdə praktiki olaraq su, rabitə, işıq və dərman yoxdur, ölənlər kütləvi məzarlıqlarda basdırılmağa başlayıb.
Mariupolda mülki əhalinin gizləndiyi doğum evi, dram teatrı və incəsənət məktəbi atəşə tutulub. Yerli hakimiyyət orqanları buna görə Rusiya ordusunu günahlandırır. Rusiya Federasiyasının Müdafiə Nazirliyi atışmanın məsuliyyətini "Ukrayna millətçiləri"nin üzərinə atıb və təşkil olunan bombardmanların nəticələrini əks etdirən kadrları "tamaşa" adlandırıb.