22 Mart 2022
Mətni dəyiş
Finlandiya gömrüyü Rusiya iş adamlarına və ya onlarla əlaqəli şirkətlərə aid ola biləcək 21 yaxtanı saxlayıb. Bu barədə ˝Helsingin Sanomat˝ qəzeti yazır.
Əgər Finlandiya hakimiyyəti Ukraynadakı müharibə ilə əlaqədar Avropa İttifaqının sanksiyaları altında yaxtaların ruslara məxsus olduğunu təsdiqləsə, əmlakın dondurulması məsələsi qaldırılacaq.
Həmçinin, ˝Reuters˝-in məlumatına görə, rusiyalı milyarder, TMK-nın rəhbəri Dmitri Pumpyanskiyə məxsus olduğu iddia edilən “Aksiom” yaxtası Cəbəllütariqdə saxlanılıb.
Bundan əvvəl KİV-də rusiyalı iş adamlarına və məmurlarına məxsus dəbdəbəli yaxtaların xaricdə həbs edilməsi ilə bağlı dəfələrlə məlumatlar yer alıb. Belə ki, Rusiya Federasiyasının keçmiş baş naziri Dmitri Medvedevin istifadə etdiyi “Fotinia” yaxtasının Finlandiyada saxlanılması barədə məlumat yayılıb. İspaniya və Fransada ˝Rosneft˝-in rəhbəri İqor Seçinlə əlaqəli olan ˝Crescent˝ və ˝Amore Vero˝ yaxtaları saxlanılıb. Almaniyada milyarder Alişer Usmanovun “Dilbər” yaxtası, İtaliyada isə milyarder Andrey Melniçenkonun “A” yaxtası həbs edilib.