3 Mart 2022
Mətni dəyiş
Martın 3-də Ermənistan parlamenti ikinci turda Vaaqn Xaçatryanı ölkənin 5-ci prezidenti seçib. Onun namizədliyini hakim “Vətəndaş müqaviləsi” fraksiyası irəli sürmüşdü.
Dünənki səsvermədə iştirak edın 69 deputat Xaçatryanın lehinə səs verib. Amma birinci turda prezidentin seçilməsi üçün azı 81 səs lehinə lazım idi. Hakim fraksiyanın isə cəmi 71 mandatı var.
İkinci turda prezidentliyə namizədin 65 səs yığması gərəkirdi, ona 71 deputat səs verib.
Armen Sarkisyan yanvarda gözlənilmədən istefa verib, qərarını prezident səlahiyyətinin məhdudluğu ilə izah edib.
Xaçatryan bundan öncə yüksək texnologiyalar sənayesi naziri idi.
Müxalifətdə olan “Ayastan” və “Şərəfim var” fraksiyaları prezidentliyə namizəd verməyib və səsverməyə qatılmayıblar. Onlar prezident seçkisində “heç bir formada iştirak etməmək”, “bu məsələni legitimləşdirmək” istəmədiklərini bildiriblər.
Sarkisyanın istefasından sonra Baş nazir Nikol Paşinyan deyirdi ki, prezident hökumətlə və parlamentdəki çoxluqla harmoniya halında işləməli, hakimiyyətin qanadları bir-birinə qarşı dayanmamalı, bir-birini tamamlamalıdır.