3 Mart 2022
Mətni dəyiş
Rusiyalı iş adamı Oleq Deripaska Ukraynadakı hadisələrə görə Rusiyanın ən azı üç il ağır böhranla üzləşəcəyini proqnozlaşdırır.
"Mən bunu başqalarından daha yaxşı başa düşürəm. İnsanlar sizə deyəndə: ˝Dəmir pərdə˝ni endirəcəklər, ya yox? ˝Dəmir pərdə˝ artıq endirilib. Ölkəni ən az üç illik böhran gözləyir", - Deripaska Krasnoyarsk İqtisadi Forumunda çıxış edərkən deyib.
"Bu pərdəni yenidən qaldırmaq lazım gələcək. Birinci addım sülhdür. İkinci addım harada yaşadığımızı, necə yaşadığımızı, hansı şəraitdə, kimin nəyi əmr etdiyini, hansı riskləri daşıdığını vicdanla müzakirə etməkdir, əlbəttə ki, əhalini ayağa qaldırmaq vacibdir. Mən ən şiddətli maliyyə təzyiqinin əleyhinəyəm, əhalinin heç bir günahı yoxdur”, - Deripaska bildirib.
Deripaska əlavə edib ki, üç həftədən sonra Rusiya Federasiyasının dövlət banklarının başına sanksiyalar nəticəsində nələrin gələcəyi bəlli olacaq.
Sibir əhalisindən danışan iş adamı burada güzəştli ipotekanı inkişaf etdirməyin vacibliyindən və bunun növbəti yay tikinti sektorunu qoruyub saxlamağa imkan verəcəyindən bəhs edib.
"Kiçik və orta biznes, ipoteka, kənd təsərrüfatının inkişafı ilə bağlı bütün məsələlər - bütün bunları maliyyələşdirmək lazımdır. Əks halda, biz ÜDM-in mənfi 20 faizə qədər düşəcəyik, biz bunu 1990-cı illərdə sınaqdan keçirmişik", - Deripaska bildirib.
Fevralın 24-də Rusiyanın Ukraynada işğala başlamasından sonra Oleq Deripaska özünün Telegram kanalında dəfələrlə iki ölkə arasında sülhə və danışıqlara çağırıb: “Sülh çox vacibdir! Danışıqları uzatmaq dəlilikdir”. "İqtisadi siyasəti dəyişdirmək lazımdır, bütün bu dövlət kapitalizminə son qoymaq lazımdır", iş adamı deyib.