"Demokratiya 1918" Hərəkatı polislərin onların ofisinə basqın etməsi ilə bağlı açıqlama yayıb.
Məlumatda qeyd olunur ki, 1 aydır fəaliyyət göstərən ofis açıldığı gündən polisin nəzarətində olub. Hətta bir dəfə proflaktiki yoxlama da keçirilib. Sonuncu dəfə isə martın 15-də polislər ofisə giriblər.
"Özünü Yasamal polis şöbəsinin səlahiyyətli əməkdaşı kimi təqdim edən şəxs və mülki geyimli polis əməliyyatçısı ofisə daxil olaraq heç bir sənəd təqdim etmədən əvvəlcə ətrafda yaşayan sakinlərdən haqqımızda şikayət verildiyini, daha sonra pandemiya qaydaları ilə bağlı profilaktik yoxlama aparmaq üçün gəldiklərini dedi və qanunsuz olaraq ofisdəki üzvlərimizi cərimə etməyə cəhd etdilər.
Daha sonra onlara "yuxarılardan" gəldi və ofisdə kamera olub-olmadığını, burda hansı fəaliyyətlə məşğul olduğumuzu, bizim vergidən yayındığımızı, ofisin insanlar üçün təhlükəsiz olmadığını bildirərək, ofisdən hər an narkotik maddə və terrorçuluqla bağlı hər hansı fəaliyyətin aşkar oluna biləcəyi ilə bağlı açıq-aşkar təhdid edildik", - deyə məlumatda qeyd olunub.
Hərəkat açıqlamasında qeyd edib ki, ofisin sahibi baş verənlərdən narahat olub. Bundan sonra ofisdən çıxmaq barədə qərar alıblar.
"Biz siyasi hakimiyyət qarşısında heç bir sahibkarı hədəf göstərmək fikrində deyilik. Hakimiyyət bundan əvvəlki illərdə də fəaliyyət göstərdiyimiz ofislərimizə və onların sahiblərinə qarşı da eyni ssenarini tətbiq edib və sahibkarın bizə görə təzyiq və zərər görməsini istəmirik. Buna görə də ofisimizi medianın müşayiəti altında bir neçə gün sonra tərk edəcəyik.
Ofisimizin qapadılması Prezident Administrasiyasının göstərişi ilə həyata keçirilib və buna görə məsuliyyəti birbaşa İlham Əliyev daşıyır. Məsələ ilə bağlı gərəkli bütün hüquqi prosedurları həyata keçirəcəyik. Belə görünür ki, bir siyasi təşkilatın şəhər mərkəzindəki ofisi hakimiyyəti yalnız 1 ay "tolerant" olmağa vadar edib", - deyə qeyd olunub.
Məsələ ilə bağlı hələlik dövlət qurumları tərəfindən reaksiya verilməyib.