˝Rusiya hələ ki, Ukraynada atəşkəslə bağlı danışıqlarda maraqlı deyil, çünki onun ordusu hərbi məqsədlərinə nail olmayıb˝.
"Reuters" agentliyi xəbər verir ki, bu sözləri Avropa İttifaqının diplomatiya rəhbəri Cosep Borrell deyib.
"İndi Rusiya oturub heç nə ilə razılaşmaq istəmir: o, yalnız ərazini işğal etmək istəyir. O, Moldova ilə sərhədə qədər sahili mühasirəyə almaq və Ukraynanı dənizdən təcrid etmək istəyir. O, ciddi danışıqlara yalnız yalnız mövqeyini gücləndirdikdən sonra getmək istəyir”, - Borrell İspaniyanın TVE telekanalına müsahibəsində bildirib.
Borrell vurğulayıb ki, Avropa İttifaqı və müttəfiqləri Ukrayna ordusuna hərbi yardımı davam etdirəcək: “Bu vacibdir, çünki hər şey yaxın 15 gün ərzində həll olunacaq”.
Rusiya Federasiyasının Ukrayna ilə danışıqlarda mövqeyinin yumşaldığı bildirilir, lakin Ukrayna gücünün sonuna qədər mübarizə aparmaq əzmindədir.
Eyni zamanda, Ukrayna prezidenti Volodimir Zelenski növbəti dəfə vurğulayıb ki, onun danışıqlarda prioritetləri tamamilə aydındır - bunlar müharibənin sonu, təhlükəsizlik zəmanətləri, suverenlik, ərazi bütövlüyünün bərpası, Ukrayna üçün real təminatlar və Ukraynanın real müdafiəsidir.