9 Mart 2022
Mətni dəyiş
Böyük Britaniya Ukrayna ilə müharibəyə görə Rusiyaya qarşı əlavə sanksiyalar paketi tətbiq edir. Bu barədə Britaniya hökumətinin saytında məlumat verilib.
London Rusiya təyyarələrinin uçuşlarına əvvəllər qoyulmuş qadağanı gücləndirib. İndi Rusiyaya bağlı hər hansı bir təyyarənin Böyük Britaniya hava məkanına daxil olması cinayət məsuliyyəti daşıyacaq. Britaniya hakimiyyəti belə təyyarələri saxlaya biləcək.
Bundan əlavə, Böyük Britaniya Rusiyaya aviasiya və kosmik məhsulların və texnologiyaların ixracına qadağa qoyub.
“Biz Rusiya təyyarələrinin uçuşunu qadağan edən ilk ölkələrdən biri olduq. Bu gün biz onların Böyük Britaniyanın hava məkanında uçmasını cinayət hesab etməklə daha da irəli getmişik”, - deyə Böyük Britaniyanın Nəqliyyat Naziri Qrant Şapps bildirib.
O əlavə edib ki, Britaniya hakimiyyəti “günahsız ukraynalıların əziyyət çəkdiyi bir vaxtda Putin və onun əlaltılarını normal həyat sürmək imkanından məhrum etmək” üçün fəaliyyətini davam etdirəcək.
Müharibə başlayandan sonra təkcə Böyük Britaniya deyil, Avropa İttifaqı, ABŞ və Kanada da hava məkanını Rusiyadan gələn təyyarələr üçün bağlayıb. Rusiya cavab olaraq Qərb ölkələrindən gələn təyyarələrə səmanı bağlayıb.
Bundan əlavə, Qərb Rusiya Federasiyasına yeni təyyarələrin tədarükünə qadağa və mövcud lizinq müqavilələrinin ləğvini ehtiva edən sanksiyalar tətbiq edib. Bu səbəbdən Rusiya təyyarələri xaricdə saxlanılmağa başladı.
Martın 5-də Federal Hava Nəqliyyatı Agentliyi xarici şirkətlərdən icarəyə götürülmüş təyyarələri olan Rusiya aviadaşıyıcılarına xaricə bütün uçuşları dayandırmağı tövsiyə edib. Martın 8-dən “Aeroflot” və “Pobeda” beynəlxalq uçuşları dayandırıb.