İngiltərənin Farnboro hava limanında Lüksemburqda qeydiyyatdan keçmiş bir şəxsi təyyarə saxlanılıb, Britaniya hakimiyyəti onun Rusiya ilə əlaqəsini və rusiyalı iş adamını aparmasını araşdıracaq. Bu barədə BBC hökumətə istinadən xəbər verib.
Nəqliyyat naziri Qrant Şeppsin sözlərinə görə, Rusiya təyyarələrinin uçuşlarına ilk qadağa qoyanlardan biri olan Böyük Britaniya indi Britaniya hava məkanında onların fəaliyyətinə görə cinayət cəzası tətbiq etməyə hazırlaşır.
BBC proqramlarından birinin siyasi redaktoru Nik Vatt iddia edir ki, yeni tədbir hətta üçüncü ölkələrdə qeydiyyatdan keçmiş, lakin varlı rusiyalıları daşımaq üçün istifadə olunan təyyarələrə də təsir edəcək.
Böyük Britaniya Rusiya hökumətinin tərtib etdiyi “dost olmayan” ölkələr siyahısındadır. Krallıq ilin sonuna kimi Rusiya qazı və neftindən imtina etmək niyyətindədir və Rusiyaya aviasiya və kosmik məhsulların ixracına qadağa qoyulub.
Ukraynanın işğalından sonra tətbiq edilən sanksiyalar, plana görə, Rusiya hakimiyyətinə yaxın olan sahibkarların şəxsi əmlakına da ciddi ziyan vurmalıdır: məsələn, Böyük Britaniya onların yaxtalarını həbs etmək niyyətindədir.