10 Mart 2022
Mətni dəyiş
Böyük Britaniya milyarder Roman Abramoviçə qarşı sanksiyalar tətbiq edib. Sanksiya siyahısına həmçinin “Rosneft”in direktorlar şurasının sədri İqor Seçin, “Qazprom”un direktorlar şurasının sədri Aleksey Miller, “Transneft”in prezidenti Nikolay Tokarev, milyarder Oleq Deripaska, iş adamı Aleksandr Lebedev və bankir Andrey Kostin əlavə edilib. Onların aktivləri dondurulub. Bu barədə Reuters məlumat verib.
Böyük Britaniyanın baş naziri Boris Conson deyib ki, Putinin Ukraynaya qəddar hücumunu dəstəkləyənlərin sığınacağı ola bilməz.
Bir müddət əvvəl milyarder Roman Abramoviç İngiltərənin “Çelsi” futbol klubunu satacağını, sövdələşmədən əldə edilən pulu Ukrayna müharibəsi zamanı əziyyət çəkən insanlara yardım etmək üçün xeyriyyə fonduna göndərəcəyini bildirmişdi.
Böyük Britaniya Rusiya işğalının başlaması ilə Rusiyaya və bir neçə rus oliqarxına qarşı genişmiqyaslı sanksiyalar tətbiq etsə də, birbaşa Abramoviçə qarşı heç bir sanksiya tətbiq edilməyib.
Bir gün əvvəl Böyük Britaniya Rusiya təyyarələrinə, kosmik və aviasiya avadanlıqlarının ixracına qarşı bir sıra yeni sanksiyalar elan edib.
Hökumət Rusiya təyyarələrini Böyük Britaniyada saxlamağa icazə verən qanunvericiliyə dəyişikliklər hazırlayacaq, belə təyyarələrin ölkədə uçmasını və ya enməsini cinayət hesab edəcəklər.
Britaniya hakimiyyəti sanksiyaların Kremlə yaxın şəxsləri hədəf alacağını bildirib.
Bundan əlavə, yeni ticarət sanksiyaları Britaniyanın bütün aviasiya və ya kosmik texnologiyalarını, habelə sığorta kimi əlaqəli xidmətlərin Rusiyaya ixracını bağlayacaq.