10 Mart 2022
Mətni dəyiş
Fevralın 24-dən martın 8-dək Ukraynada hərbi əməliyyatlar zamanı 1424 mülki itki qeydə alınıb, onlardan 516 nəfər ölüb, 908 nəfər yaralanıb. Bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi məlumat yayıb.
Təşkilatın məlumatına görə, öldürülənlərin 98-i kişi, 60-ı qadın, 9-u oğlan və 5-i qız, həmçinin cinsiyyəti hələlik məlum olmayan 23 uşaq və 321 böyükdür. İnsanların ölüm və yaralanmasının ən çox yayılmış səbəbi ağır artilleriya və çoxsaylı raket sistemlərindən istifadə etməklə atəşə tutulması, raket və hava zərbələridir.
Belə ki, Donetsk və Luqansk vilayətlərində 111 ölü və 462 yaralı qeydə alınıb, onlardan 87-si Ukrayna hakimiyyətinin nəzarətində olan ərazilərdə ölüb, 349-u yaralanıb, özünü müstəqil elan edən respublikaların nəzarətində olan ərazilərdə isə 24 nəfər ölüb, 113 nəfər yaralanıb. Ukraynanın digər bölgələrində - 405 nəfər ölüb, 446 nəfər yaralanıb.
Eyni zamanda, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi hesab edir ki, “faktiki rəqəmlər, xüsusən də hökumətin nəzarətində olan ərazilərdə daha yüksəkdir”, çünki şiddətli döyüşlərin getdiyi ərazilərdən gələn məlumatlar gec gəlir və təsdiqlənməlidir.
Rusiya işğalı başlayandan Ukrayna şəhərləri atəşə tutulub. Rusiya Federasiyasının Müdafiə Nazirliyi mülki şəxslərə qarşı zərbələri təkzib edərək, onların yalnız hərbi infrastrukturu məhv etdiyini bildirir.