26 Mart 2022
Mətni dəyiş
Ukrayna xarici işlər və müdafiə nazirləri Polşada amerikalı həmkarları ilə görüşüblər.
Bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba "Twitter"də bildirib.
"Mən müdafiə naziri Oleksiy Reznikovla birlikdə Varşavada amerikalı həmkarlarımız - dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostinlə görüşürük.
Bu xüsusi "2+2" formatı bizə Ukraynanın Rusiya təcavüzünə qarşı mübarizə qabiliyyətini gücləndirmək üçün həm siyasi, həm də müdafiə sahəsində praktiki qərarlar almağa imkan verir", Kuleba bildirib.
Elə həmin gün Ukrayna xarici işlər və müdafiə nazirləri Polşada ABŞ Prezidenti Co Baydenlə də görüşüb.
Görüşdə Co Bayden Ukrayna müdafiə naziri Oleksiy Reznikov və xarici işlər naziri Dmitri Kuleba ilə Rusiyanın hərbi müdaxiləsini və hərbi yardım məsələlərini müzakirə edib.
Görüşdə ABŞ-ın müdafiə naziri Lloyd Ostin və dövlət katibi Entoni Blinken də iştirak edib.