Bazar ertəsi Varşavada ABŞ prezidenti Co Bayden Vladimir Putinin hakimiyyətdə qalmaması barədə fikirlərini təkrarlayıb. O qeyd edib ki, bu, onun öz fikridir, administrasiyanın siyasətinin dəyişməsi deyil. Bu barədə Turan-ın Vaşinqtondakı müxbiri məlumat verib.
"Mən özümə bəraət qazandırmıram və üzr istəmirəm", - Bayden Ağ Evdə jurnalistlərə deyib. "Mən Putinin davranışından və bu adamın hərəkətlərindən hiddətlənmişəm".
“Bu, Putinin reaksiyasına səbəb olacaqmı” sualının cavabında Bayden deyib: "Onun nə düşündüyü məni maraqlandırmır".
Bayden təkrarlayıb ki, Putin "hakimiyyətdə qalmamalıdır, pis adamlar öz davranışlarına baxmayaraq, bəzən öz vəzifələrində qalırlar".
Bayden hesab etmir ki, onun fikirləri Moskva ilə diplomatik münasibətlərin pozulmasına gətirib çıxaracaq və ya Putinin hərbi eskalasiyanı gücləndirməsinə səbəb olacaq.
Bununla yanaşı, bazar ertəsi Ağ Ev Konqresdən milli müdafiə üçün 813 milyard dollar, o cümlədən Rusiyanın müdaxiləsinə qarşı mübarizədə Ukraynaya dəstək və digər Avropa və Mərkəzi Asiya ölkələrinə yardım üçün 1,6 milyard dollar istəyib.
Ötən il Bayden Pentaqon üçün 715 milyard dollar istəmişdi. Bazar ertəsi müdafiə naziri Lloyd Ostin də deyib ki, “Putin Rusiyanın təcavüzünə görə dünyanın onu böyük bədəl ödəməyə məcbur etmək əzmini yaxşı dəyərləndirməyib”.
Ağ Evin ayırdığı vəsaitin 3,2 milyard dolları demokratikləşmənin təşviqi, insan hüquqlarının müdafiəsi və antikorrupsiya işinin dəstəklənməsi üçün nəzərdə tutulub.