2 Mart 2022
Mətni dəyiş
ABŞ prezidenti Co Bayden ABŞ Konqresində "Dövlətin Vəziyyəti" nitqi ilə çıxış edib.
Bayden deyib ki, Putin altı gün əvvəl azad dünyanın təməllərini sarsıtmağa qərar verib. Amma o, ağlına belə gətirə bilmədiyi divara çırpılıb. Söhbət Ukrayna xalqından gedir.
"Prezident Zelenski, ukraynalılar - siz bütün dünyanı ruhlandırırsınız. Ukraynalı tələbələr, müəllimlər - hamısı əsgərə çevriliblər. Zelenski BMT-də çıxış edərək deyib: "İşıq zülməti məğlub edəcək".
"Bəli, ABŞ Ukrayna xalqı ilə çiyin-çiyinə dayanır. Biz tarixin dərslərini bilirik: diktator dayandırılmasa, irəli gedir", - Bayden əlavə edib.
O, Ukraynaya hücumun əsassız olduğunu vurğulayıb.
“Putin tarixdə heç vaxt olmadığı qədər dünyadan təcrid olunub. Biz müttəfiqlərimizlə birlikdə güclü iqtisadi sanksiyalara əl ataraq, Putinin hərbi fondunu tamamilə mənasız edirik.
Mən bu gün Putinə və bu rejim nəticəsində milyardlarla dollar oğurlayan rus oliqarxlarına deyirəm - biz buna son qoyuruq. Onların lüks suitləri, yaxtaları, təyyarələri və hesabları - hamısını həbs edəcəyik. Bu gündən etibarən Rusiyadan bütün uçuşları bağlayırıq və buna görə yalnız Putin məsuliyyət daşıyır”, - Bayden bildirib.
O əlavə edib ki, ABŞ Ukraynanı azadlıq mübarizəsində dəstəkləyir. Söhbət iqtisadi, humanitar, hərbi yardımdan gedir.
“Bizim qoşunlarımız Ukraynada döyüşməyəcək, lakin ABŞ əlində olan hər vasitə ilə NATO ərazisinin hər qarışını müdafiə edəcək.
Biz aydın başa düşürük ki, ukraynalılar cəsarət göstərirlər, lakin qarşıdakı günlər onlar üçün çətin olacaq. Qoy, Putin irəli getsin, Ukrayna xalqı öz azadlığından və 30 illik müstəqilliyindən əl çəkməyəcək”, - Amerika dövlət başçısı bildirib.
"Bu gün biz sınaqla üz-üzəyik, lakin Ukrayna xalqının dəmir iradəsi bizə bunun öhdəsindən gəlməyə kömək edəcək. Putin öz tankları ilə Kiyevi mühasirəyə alsa da, o, Ukrayna xalqının qəlbinə və ruhuna, azadlıq eşqinə qalib gələ bilməz. O, heç vaxt uğur qazana bilməyəcək, azad dünyanın qətiyyətini sarsıda bilməyəcək”, - Bayden çıxışının sonunda bildirib.