30 Mart 2022
Mətni dəyiş
Ali Məhkəmə Azərbaycanda həbsdə olan Ermənistan vətəndaşının azadlığa buraxılması haqda qərar çıxarıb. Məhkəmə ona münasibətdə Azərbaycan Cinayət Məcəlləsinin 62-ci (qanunda nəzərdə tutulmuş cəzanın minimum həddindən daha aşağı cəza təyin etmə) maddəsini tətbiq edib, cəzası da 6 ildən 1 il 1 ay 25 günə endirilib. Bu müddət də başa çatdığına görə o, saxlandığı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.
Martin Aqramanyan Azərbaycanla Ermənistan arasında 44 günlük müharibə başa çatandan az sonra – 2020-ci ilin dekabrında Hadrut meşələrində saxlanılan 50-dən artıq Ermənistan vətəndaşından biridir. Terrorçuluq, sərhədi qanunsuz keçmə və s. maddələrlə ittiham olunan bu hərbçilərin işi məhkəməyə göndəriləndə bir neçə qrupa ayrılıb.
Aqramanyan daha 12 nəfərlə birlikdə Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunub. 2021-ci il iyulun 22-də hakim Eldar İsmayılovun sədrliyi ilə onların haqqında hökm çıxarılıb. Hökmə əsasən, Ermənistan vətəndaşlarına qarşı terrorçuluq, qanunsuz silahlı birləşmələr yaratma kimi ittihamlara xitam verilib. Onlar yalnız Azərbaycan sərhədini qanunsuz keçmə və qanunsuz silah saxlama maddələri ilə təqsirli bilinib. 13 nəfərin hamısı 6 il azadlıqdan məhrum edilib. Hökmdə o da qeyd olunub ki, bu şəxslər cəzaları başa çatanda Azərbaycandan deportasiya olunmalıdır.
Təqsirləndirilən şəxslərin bir qismi bu hökmdən apellyasiya şikayəti versə də, nəticə dəyişməyib.
Ermənistan vətəndaşı Aqramanyanın işinə Ali Məhkəmədə Tahir Kazımovun sədrlik etdiyi hakimlər kollegiyası baxıb. 24-yaşlı təqsirləndirilən şəxs və onun vəkili kassasiya şikayətində bəraət verilməsini istəyib. O vurğulayıb ki, əməlində ittiham olunduğu maddələrin tərkibi yoxdur.
Hakimlər isə belə nəticəyə gəlib ki, əməldə cinayət tərkibi var, amma cəza məsələsində bir sıra hallar nəzərə alınmayıb.
"Təqsirləndirilən şəxs Ermənistanın dövlət orqanlarının vəzifəli şəxslərinin təzyiqi və təsiri nəticəsində cinayətə cəlb olunub. Ermənistanın vəzifəli şəxslərinin barəsində Azərbaycanda istintaq orqanı tərəfindən cinayət işi ayrılıb. Təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb olunması üçün tədbirlər görülür", – məhkəmənin qərarında yazılıb.
Penitensiar Xidmətdən AzadlıqRadiosuna bildirilib ki, məhkumların yerdəyişməsi, kimin nə vaxt azadlığa buraxılması haqda məlumatlar açıqlanmır.
Belə bir qərarın verildiyini Ali Məhkəmədən də AzadlıqRadiosuna təsdiqləyiblər.
Hadrut meşələrində saxlanılan Ermənistan vətəndaşlarıyla bağlı cinayət işinin materiallarında iddia olunur ki, təqsirləndirilən şəxslər müharibə başa çatandan sonra silahlanaraq gizli şəkildə həmin ərazilərdə yerləşib, orada Azərbaycana qarşı terror-təxribatlar törətməklə məşğul olublar. Onlar dekabrın 13-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən zərərsizləşdiriliblər.
Təqsirləndirilən şəxslər isə ifadələrində bildiriblər ki, onlar Hadrut meşələrinə özbaşına gəlməyiblər. Onları noyabrın 26-27-də Gümrüdə hərbi komissarlıqdan göndəriblər. Yolda rus sülhməramlılar da onları görüblər. Onlar vurğulayıb ki, məqsəd Azərbaycana qarşı terror törətmək yox, hərbi əmrə uyğun olaraq, həmin ərazilərdə növbədə dayanmaq olub: "Bizi göndərəndə demişdilər ki, orada növbə çəkəcəyik. Dekabrın 13-də əmr gəldi ki, növbə dəyişir. Biz də dağdan aşağı düşəndə Azərbaycan hərbçiləri bizi saxladı".
Hadrut meşələrində saxlanılan və Bakıda mühakimə olunan Ermənistan vətəndaşlarının bir çoxu artıq ölkəsinə təhvil verilib. Onlar Füzuli, Ağdam rayonlarında yerləşdirilmiş minaların xəritələrinin müqabilində Ermənistana təhvil veriliblər.
Azərbaycan 2020-ci ilin payızında 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsini və ətraf yeddi rayonu Ermənistanın işğalından azad edib.
10 noyabr atəşkəs razılaşması ilə qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.
Azərbaycan hərbi əməliyyatlar dayandırılandan sonra ərazisində saxlananları "terrorçu-diversant" adlandırır. Ermənistan isə onları hərbi əsir sayır, azadlığa buraxılmalarını tələb edir.