Son günlər Azərbaycanda A4 formatlı kağızın qiyməti yüksəlib. Əvvəllər bir bağlaması təqribən 5 manata satılan bu kağız hazırda mağazalarda 9-10 manat arası təklif edilir.
Həmçinin, əvvəllər bir ədədi 50 qəpiyə satılan A3 formatlı kağız da iki dəfə bahalaşaraq 1 manata yüksəlib.
Rəsmi qurumlardan bu barədə münasibət almaq mümkün olmayıb.
İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycan bu məhsulda tam idxaldan asılıdır: "Rusiya bazarlarında kəskin bahalaşma oldu. Ola bilsin ki, bununla bağlı istehsalçılar ora daha çox ixrac etməyə başladılar. Azərbaycanın aldığı kağızların həcmi azalmağa başlayıb".
Onun sözlərinə görə, Azərbaycanın Rusiyadan da kağız idxalı var idi. İqtisadçı əlavə edib ki, amma Rusiya daxili bazarını qorumaq üçün kağız ixracına qadağa qoyub: "Ona görə də bir müddət bu, belə də davam edəcək və hətta qiymət artımı sürətlənə bilər. Bildiyim qədərilə Türkiyə ilə danışıqlar gedir ki, kağızı Türkiyədən Azərbaycana gətirmək mümkün olsun".
Bu il fevralın 24-də Rusiya Ukraynaya yenidən təcavüzə başlayıb. Altı il əvvəl də Rusiya Ukraynanın bir hissəsini-Krımı ilhaq edib. O zaman Rusiyaya sanksiyalar tətbiq edilməyə başlanıb. Yeni müharibədən sonra Qərb və dünyanın bir sıra ölkələri Rusiyaya sanksiyaları genişləndirib. Amma Azərbaycan bu sanksiyalara qoşulmur.