Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edib.
Bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən aksiz dərəcəsi tərkibində tütün olan siqaretlərin, eləcə də tərkibində tütün əvəzləyicisi olan siqaretlərin 1 000 ədəd üçün 43,0 manatdan 46,5 manata qaldırılıb.
Eyni zamanda istehlak olunan tütün və tütün məhsullarının 1 000 ədəd üçün 12,9 manatdan 14 manata qaldırılıb.
Dəyişikliklərə əsasən qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri, istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlərin 1 kiloqramına görə aksiz dərəcəsi 30 manat müəyyənləşdirilib.
Dəyişikiklərlə həmçinin birdəfəlik istifadə olunan elektron qəlyan, siqaret üçün aksiz dərəcəsi 0,25 manat müəyyən olunub. Bununla bərabər, Azərbaycana gətirilən alkoqollu içkilərin də aksiz dərəcəsi artırılıb.
Qərara əsasən, üzüm çaxırının və ya üzüm puçallarının distillə edilməsi nəticəsində alınan spirtli tinkturalar üçün aksiz dərəcəsi 1 litrə görə 7,2 manatdan 8 manata, viski, rom və digər spirtli tinkturalar, şəkər qamışının qıcqırdılmış məhsullarının qovulması nəticəsində alınan, cin və ardıc tinkturası, araq, likörlər və digər spirtli içkilər üçün 1 litrə görə 11,2 manatdan 12 manata qaldırılıb.
Qərar 30 gün sonra qüvvəyə minəcək.