30 Mart 2022
Mətni dəyiş
Azərbaycan Baş Prokurorluğu Rusiya Federasiyası Dövlət Dumasının deputatı Mixail Delyaginin çıxışı faktı üzrə cinayət işi açıb. Bu barədə Prokurorluğun məlumatında deyilir.
Belə ki, 28 mart 2022-ci il tarixində Rossiya-1 kanalında "60 minut" ("60 dəqiqə") verilişində Delyagin açıq-aşkar Azərbaycana qarşı təcavüzkar müharibəyə çağırıb, ölkənin energetika infrastrukturunun və neft sənayesinin məhv edilməsi üçün taktiki nüvə silahından istifadə haqqında təxribat xarakterli bəyanatla çıxış edib.
Azərbaycan Baş Prokurorluğu bu ifadələrdə Azərbaycan CM-in 101.2 (təcavüzkar müharibəni başlamağa açıq çağırışlar); 214.2.3 (terror hərəkətləri törədiləcəyi ilə hədələmə); 283.2.1 və 283.2.2-ci (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələrində nəzərdə tutulmuş cinayət əlamətlərini müəyyən edib.
Martın 29-da Delyaginə qarşı qiyabi olaraq Cinayət Məcəlləsinin yuxarıda qeyd edilən maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə İnterpol vasitəsilə onun barəsində beynəlxalq axtarış elan edilib.
Bir sıra tərəfdaş ölkələrin səlahiyyətli orqanlarına təqsirləndirilən şəxsin bu ölkələrin ərazisinə daxil olarkən dərhal saxlanılmasının və Azərbaycana ekstradisiyasının təmin edilməsi üçün müraciət göndərilib, deyə Baş Prokurorluğun məlumatında bildirilir.
Amma məlumatda RF-nin özünə Delyaginin təhvil verilməsi üçün sorğu göndərilib-göndərilmədiyi açıqlanmır.