Avstraliya hökuməti 33 rusiyalı sahibkara və onların ailələrinə qarşı yeni sanksiyalar elan edib. Bu barədə Avstraliyanın xarici işlər naziri Maris Peyn bəyanatında deyilir.
Sanksiya siyahısına daxil edilənlər arasında “Çelsi” futbol klubunun sahibi Roman Abramoviç, “Qazprom” rəhbəri Aleksey Miller, “Rossiya” bankının direktorlar şurasının sədri Dmitri Lebedev, “Rostek” rəhbəri Sergey Çemezov, “Transneft” rəhbəri Nikolay Tokarev, VEB.RF sədri İqor Şuvalov və Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev də var.
Bundan əvvəl ABŞ, Avropa İttifaqı və digər ölkələrin özünü müstəqil elan etmiş Donetsk və Luqansk Xalq Respublikalarının tanınması və Rusiyanın Ukraynaya müdaxiləsi səbəbindən Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara Avstraliya da qoşulub. Məhdudiyyətlərə Rusiya bankları, yüksək vəzifəli siyasətçilər və prezident Vladimir Putin də daxil olmaqla məmurlar daxildir.