Avropa İttifaqı (Aİ)rəhbərliyi müharibədən sonra Ukraynanın yenidən qurulmasında sanksiyalara məruz qalan Rusiya iş adamlarının aktivlərindən istifadə imkanlarını müzakirə edir.
Bu barədə Bloomberg vəziyyətlə tanış olan mənbələrə istinadən məlumat yayıb. Eyni zamanda, bildirilib ki, təşəbbüs çox erkən baxılma mərhələsindədir və hələlik konkret qərarlar qəbul olunmayıb.
Vəsaitlərin necə idarə olunacağına Avropa blokunun bütün üzv dövlətləri qərar verəcəklər. Avropa Komissiyası rəhbərinin nümayəndəsi Ursula fon der Leyen hazırda vəsaitlərin yalnız dondurulduğunu deyib və əlavə şərh vermək istəməyib.
Ukraynaya hərbi müdaxiləsinə cavab olaraq Avropa İttifaqı, ABŞ və bir sıra digər ölkələr Rusiyaya qarşı sərt sanksiyalar tətbiq ediblər. Onlarla iş adamı da belə sanksiyaların altına düşüb. Daha sonra həmin iş adamlarının aktivlərinin bloklanmasına başlanılıb.
Söhbət digər məsələlərlə yanaşı, “Rosneft”in rəhbəri İqor Seçin Gennadi Timçenkodan, “Transneft”in rəhbəri Nikolay Tokarevdən, “USM Holdings”in təsisçisi Əlişir Usmanovdan, “Severstal”ın sahibi Aleksey Mordaşovdan gedir.
Bloomberg qeyd edir ki, təkcə İtaliya Rusiya iş adamalrının təxminən 780 milyon avro dəyərində aktivlərini dondurub. Tədbirlər superyaxtalara, şəxsi təyyarələrə, daşınmaz əmlaka təsir edib.
Milyarder Roman Abramoviçin şəxsi biznes təyyarəsi ABŞ Ticarət Nazirliyinin martın 18-də dərc etdiyi uçuşu qadağan olunan 99 təyyarənin siyahısında yer alıb.
Amerika hökuməti vurğulayır ki, dünyanın istənilən ölkəsində bu təyyarələrə istənilən formada texniki qulluq ABŞ qanunlarına ziddir.
BBC-nin məlumatına görə, ABŞ, Avropa İttifaqı kimi Rusiyaya aviasiya və aerokosmik sahələr üçün mal və texnologiyaların ixracını qadağan edib.