25 Mart 2022
Mətni dəyiş
Avropa İttifaqı Qarabağda qaz təchizatı ilə bağlı yeni fasilələr barədə məlumatdan narahatdır.
Cümə axşamı Avropa İttifaqının xarici siyasət məsələləri xidmətinin bəyanatında deyilir:
"Martın 8-də təchizatdakı ilk fasilədən sonra Avropa İttifaqı Azərbaycanı bu məsələdə fəal iştiraka çağırıb ki, bu da təmir işləri və martın 19-da qaz tədarükünün bərpası ilə nəticələnib.
Xüsusilə kəskin hava şəraitində zərər çəkmiş yerli əhaliyə qazın verilməsinin dərhal bərpasını təmin etməyə israrlı zərurət var və Avropa İttifaqı nəzarət orqanlarını bunu həll etməyə çağırır".
Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycanı regiona təbii qaz təchizatını kəsməkdə, şaxtalı havada onlara humanitar problemlər yaratmaqda günahlandırır.
Qarabağa qaz təchizatı ilk dəfə martın 8-də kəsilib, buna Azərbaycanın nəzarətində olan ərazidən keçən kəmərin zədələnməsi səbəb olub.
Daha sonra Xankəndi Bakını kəmərin sürətli təmirinə imkan verməməkdə ittiham edib. AzadlıqRadiosu-nun Ermənistan xidməti 11 günlük fasilədən sonra kəmərin martın 18-də təmir olunduğunu, ertəsi günü Qarabağın qaz təchizatının bərpa edildiyini xəbər verir.
Ancaq Qarabağdakı separatçı qurumlar martın 21-də axşam qaz təchizatının “Azərbaycan tərəfin birbaşa müdaxiləsilə kəsildiyini” iddia edib.
Özünü Qarabağın “İnformasiya Qərargahı” adlandıran qurum Azərbaycan tərəfinin təmir zamanı qaz kəmərinə kran qoyduğunu və qazı kəsdiyini iddia edib.
Bölgədəki Rusiya hərbçilərinin komandirlərinə dərhal məlumat verildiyi, qaz təchizatının bərpası üçün işlər görüldüyü qeyd olunur.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-in Qarabağın qaz təminatı ilə bağlı Azərbaycana qarşı açıqlamasına münasibət bildirib. O deyib ki, Ermənistanın əsassız iddialarla çıxış edərək davamlı şəkildə qeyri-konstruktiv yanaşma sərgiləməsi bu ölkənin əsl niyyətini üzə çıxarır: “Ermənistana tövsiyəmiz ondan ibarətdir ki, əsassız və hüquqazidd iddialar irəli sürməkdənsə, üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəliklərin icrasını, o cümlədən bölgədəki silahlı qüvvələrinin qalıqlarının çıxarılmasını təmin etsin. Beləliklə də regional sülh və əmin-amanlığa töhfə versin”.