Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin mühafizəçisi Niyaməddin Əhmədovun apellyasiya şikayəti təmin edilməyib.
Bu barədə məhkəmə martın 2-də qərar qəbul edib. İkinci instansiya məhkəməsi Niyaməddin Əhmədov haqqında 13 illik həbs hökmünü qüvvədə saxlayıb.
Məhkəmə prosesində AXCP fəalının atası Arif Əhmədov və AXCP sədri Əli Kərimli də iştirak edib.
Məhkəmədən sonra jurnalistlərə açıqlama verən Niyaməddin Əhmədovun atası bildirib ki, qərarı əsassız və qanunsuz hesab edir.
"Əsl terrorçuları buraxırlar, ölkənin qeyrətini çəkənləri cəzalandırırlar. Rüşvətxorlar adalarda, kefdə-damaqdadır, kasıb, kirayədə yaşayan, günəmuzd işləyən adama deyirlər ki, "sən terrorçusan". İnsanda ləyaqət, vicdan yaxşı şeydir...".
Onun sözlərinə görə, oğlu həbs olunarkən və həbsdə olduğu müddətdə işgəncələrə məruz qalması nəticəsində onun səhhətində ciddi problemlər yaranıb.
Atasının dediyinə görə, işgəncələrlə əlaqədar prokurorluğa şikayət olunsa da, şikayətləri obyektiv araşdırılmayıb, faktlara düzgün hüquqi qiymət verilməyib.
Daha sonra AXCP sədri Əli Kərimli məhkəmənin qarşısında jurnalistlərə açıqlamasında apellyasiya məhkəməsinin qərarını siyasi sifariş adlandırıb.
"Bununla da Azərbaycan hakimiyyəti göstərdi ki, bütün dünya dəyişsə də, onun dəyişmək fikri yoxdur", deyə o bildirib.
Öz növbəsində, vəkillər apellyasiya instansiyasının qərarından Ali Məhkəməyə kassasiya şikayəti verəcəklərini bildiriblər.
Niyaməddin Əhmədov 2020-ci ilin aprelindən həbsdədir. Öncə o, karantin rejimi qaydalarını pozma ittihamıyla bir ay inzibati həbsdə saxlanıb. Bu cəza başa çatdığı gün isə CM-in 214-1 (terroru maliyyələşdirmə) maddəsi ilə barəsində yeni iş başlanıb. İstintaqın sonunda ona daha iki maddə ilə - 28.281 (dövlət əleyhinə yönəlik açıq çağırışlara hazırlıq) 233-1 (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) maddələri ilə ittiham verilib. İddia olunur ki, Almaniyada siyasi mühacir kimi yaşayan və sosial şəbəkələrdə Azərbaycan hakimiyyətinin ünvanına tənqidlər, bəzən də təhqirlər səsləndirən Qabil Məmmədov terror məqsədilə ona pul göndərib.
AXCP bəyan edib ki, Əhmədovun həbsinin səbəbi Əli Kərimlinin mühafizəçisi olması, 2019-cu ilin oktyabrında Milli Şuranın etiraz aksiyasında AXCP sədri tutulana qədər onu tək buraxmamasıdır.
Əhmədovun işgəncə iddiaları ilə bağlı prokurorluq orqanlarına ünvanlanmış şikayətlərinə cavab gəlmədiyi bildirilir.
Hüquq-mühafizə orqanları isə, adətən, həbsdə olanların işgəncə iddialarını təkzib edir, bunu məsuliyyətdən yayınma cəhdi kimi qiymətləndirirlər.