“Amnesty International”: "2021-ci ildə və 2022-ci ilin əvvəlində baş verənlər milyonlarla qadının hüquq və ləyaqətinin əzilməsinə səbəb olub"

“Amnesty International”: "2021-ci ildə və 2022-ci ilin əvvəlində baş verənlər milyonlarla qadının hüquq və ləyaqətinin əzilməsinə səbəb olub"
8 Mart 2022
Mətni dəyiş
“Amnesty International” insan haqları təşkilatı martın 8-də – Beynəlxalq Qadınlar günündə bəyanat yayıb. Bəyanatda deyilir ki,  bir çox ölkələr hüquqi qorumaları aradan qaldırmaqla qadınlara və onların hüquqlarını müdafiə edənlərə “görünməmiş risk” yaradır. Qurum son bir ildə dünyada qadınların hüquqlarının pisləşməsini önləmək üçün “cəsarətli addım” atmağa çağırır. “2021-ci ildə və 2022-ci ilin ilk aylarında baş verənlər milyonlarla qadının hüquq və ləyaqətinin əzilməsində rolu olub”, – Amnesty-nin Baş katibi Aqnes Kalamar deyib. “Heç bir cəmiyyət əhalisinin yarıdan çoxunun ləyaqətinin bu cür aşınmasına yol verməməlidir”, – o, sözlərinə əlavə edib. Bəyanatda münaqişə zonalarındakı qadınlardan söz açılır. Rusiyanın Ukraynaya qarşı işğalı əsasən qadınlar və uşaqlar olmaqla, 1.7 milyondan çox adamın qonşu ölkələrə qaçmasına səbəb olub. “Bu gün Ukraynada və daha geniş regionda yenə də qadınlara böyük risk yaranıb”, – Amnesty bildirir. Ukraynanın şərqində hökumət qüvvələri ilə Rusiyanın dəstəklədiyi separatçılar arasında illərlə çəkən münaqişə nəticəsində gender-əsaslı zorakılığın artdığı, təməl xidmətlərə çıxışın məhdudlaşdırıldığı vurğulanır. “İndi bu durum bütün ölkəyə yayılıb”, – bəyanatda deyilir. Son bir ildə koronavirus pandemiyası və Əfqanıstanda qadınların hüquqlarının pozulması da qadınların və qızların hüquqlarına qeyri-mütənasib təsir göstərən faktorlar sırasındadır, Kalamar belə deyir. O həmçinin Efiopiyada münaqişəni xarakterizə edən genişmiqyaslı seksual zorakılığı, ABŞ-da abort hüququna hücumları, Türkiyənin Gender Əsaslı Zorakılığa dair İstanbul Konvensiyasından çıxmasını qadınların vəziyyətini ağırlaşdıran faktorlar kimi sadalayıb. Kalamar hökumətləri qadınların durumunu pisləşdirən qərarlarını geri götürməyə çağırıb. “Qadınlar üçün düzgün və ədalətli idarə edə bilməməyə heç bir bəhanə gətirilə bilməz”, – Kalamar deyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun