28 Mart 2022
Mətni dəyiş
Almaniyada Ukraynadakı rus ordusuna dəstək simvolu kimi ˝Z˝ hərfinin nümayiş etdirilməsi qanunsuz sayılacaq. Reuters xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Almaniya Daxili İşlər Nazirliyinin sözçüsü bazar ertəsi jurnalistlərə deyib ki, “Rusiyanın Ukraynaya qarşı aqressiv müharibəsi cinayətdir və bu təcavüzkar müharibəni açıq şəkildə dəstəkləyən hər kəs də məsuliyyətə cəlb oluna bilər”.
˝Z˝ hərfi, əlbəttə ki, qadağan deyil, lakin bəzi hallarda onun istifadəsi Rusiyanın təcavüzkar müharibəsinin təsdiqi ola bilər", o deyib.
Bundan əvvəl Almaniyanın bir neçə əyaləti, o cümlədən Aşağı Saksoniya və Bavariya ˝Z˝ hərfini rus ordusuna dəstək simvolu kimi istifadə edənlərin cinayətə cəlb olunacaqları ilə bağlı xəbərdarlıq etmişdi.
İsveçrənin ˝Zurich Insurance˝ sığorta şirkəti martın 27-də Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqəli olmamaq üçün sosial mediada mavi fondakı ağ ˝Z˝ loqotipindən istifadəni müvəqqəti dayandırdığını elan edib.