Avropa İttifaqı Ukraynanın işğalı ilə əlaqədar Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə hazırlaşır. Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen 'Twitter' hesabında məlumat verib.
Komissiya rəhbərinin açıqlamasına görə, yeni sanksiyalar Rusiyanın böyük iş adamları və Federasiya Şurasının üzvləri də daxil olmaqla 160 nəfəri əhatə edir.
Sanksiyalara dəniz naviqasiyası sahəsində texnologiyaların Rusiyaya ixracına məhdudiyyətlər də daxildir.
Məlumata görə, kriptovalyutadakı aktivlərə (kimin, göstərilməyib) və Belarus bank sektoruna qarşı sanksiyalar qəbul edilib.
Bundan əvvəl Avropa İttifaqı DXR və LXR-nin müstəqilliyinin tanınması ilə bağlı Rusiya prezidentinə müraciəti təsdiqləyən və özünü müstəqil elan etmiş respublikalarla dostluq və əməkdaşlıq müqavilələrinin ratifikasiyasına səs verən Dövlət Dumasının demək olar ki, bütün deputatlarına qarşı sanksiyalar tətbiq edib.
Bundan əlavə, Aİ-nin məhdudiyyətləri bəzi Rusiya banklarına, rusiyalıların əmanətlərinə, şəxsən Rusiya prezidenti Vladimir Putinə, eləcə də bir sıra məmurlara, iş adamlarına və təbliğatçılara tətbiq edilib.