Pentaqon CNN və NBC mənbələrinin Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə müharibənin real vəziyyəti barədə tam məlumata malik olmaması ilə bağlı xəbərlərini təsdiqləməyə hazırdır. Bu barədə martın 30-da keçirdiyi brifinqdə ABŞ hərbi qurumunun rəsmi nümayəndəsi Con Kirbi bildirib.
“Biz son bir ay ərzində cənab Putinə Müdafiə Nazirliyi tərəfindən hər dəfə tam məlumat verilmədiyi qənaəti ilə razıyıq”, – Kirbi bildirib.
Eyni zamanda, o qeyd edib ki, bəyanatlarında ehtiyatlı olmağa çalışır, çünki Pentaqonun “[Putinin] aldığı bütün məlumatlara və ya onun apardığı hər söhbətə çıxışı yoxdur”.
Öz növbəsində, Ağ Evin kommunikasiyalar üzrə direktoru Keyt Bedinqfild deyib ki, ABŞ-ın fikrincə, Putin özünü hərbi rəhbərliyk tərəfindən aldanmış hiss edir və müşavirləri ona Ukraynadakı rus qoşunlarının uğursuzluqları və Rusiya iqtisadiyyatı üçün sanksiyaların şiddəti barədə bütün həqiqəti söyləməkdən çəkinirlər (CNN və NBC mənbələrinə istinadən məhz bunu yazıb).
Adını açıqlamayan avropalı diplomat Reuters agentliyinə bildirib ki, bu fikir Avropada da var. “Putin işlərin əslində olduğundan daha yaxşı getdiyini düşünürdü”, o deyib.
Radioelektron kəşfiyyatla məşğul olan Britaniya kəşfiyyat agentliyi GCHQ-nin rəhbəri Ceremi Fleminq də Putinin müharibəyə başlamaq qərarı verəndə vəziyyəti dəyərləndirərkən səhvə yol verdiyini düşünür. “Və biz Putinin müşavirlərinin ona həqiqəti söyləməkdən qorxduqlarına inansaq da, bu yanlış mühakimələrin miqyası rejim üçün aydın olmalıdır”, - Fleminq deyib.