5 Mart 2022
Mətni dəyiş
Rusiya qoşunları Ukraynanın ikinci ən böyük nüvə obyektinə yaxınlaşır.
CNN xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki nümayəndəsi Linda Tomas-Qrinfild deyib.
“Rusiya qüvvələri hazırda 20 mil uzaqdadır və Ukraynanın ikinci ən böyük nüvə obyektinə yaxınlaşır”, o, stansiyanın adını çəkmədən deyib.
Energoatom-un məlumatına görə, enerji istehsalı baxımından Ukraynanın ikinci ən böyük nüvə obyekti Ukraynanın cənubundakı Nikolayev vilayətində Cənubi Ukrayna Atom Elektrik Stansiyasıdır.
“Prezident Putin müharibəyə və Ukrayna xalqına qarşı bu həyasız hücumlara son qoymaqla bu humanitar fəlakəti dayandırmalıdır”, - səfir əlavə edib.
Tomas-Qrinfild Ukraynada yerli vaxtla cümə günü səhər tezdən Zaporojye atom elektrik stansiyasında Rusiya qoşunlarının ərazini atəşə tutması nəticəsində baş vermiş yanğına istinad edərək, dünən axşam baş vermiş "demək olar ki, qarşısı alınmış" fəlakətdən sonra qaçılmaz təhlükənin qaldığını söyləyib.
"Beynəlxalq ictimaiyyət Rusiya qüvvələrinin təhlükəli hücumunu dayandırmasını tələb etməkdə yekdil olmalıdır və dediyim kimi, Ukrayna xalqı bizə arxalanır və biz onları ruhdan salmamalıyıq", o deyib.
Ötən cümə günü Ukrayna prezidenti Vladimir Zelenski Rusiya qoşunlarının Ukraynanın cənubundakı atom elektrik stansiyasına hücumundan sonra Rusiyanı “nüvə terroru”nda ittiham etmişdi.