28 Mart 2022
Mətni dəyiş
Moskva və Kiyev arasında danışıqların təşkilində iştirak edən iş adamı Roman Abramoviç Rusiya prezidenti Vladimir Putinə ukraynalı həmkarı Volodimir Zelenskinin məktubunu təqdim edib. Bu barədə ˝The Times˝ məlumat yayıb.
Qeyd olunur ki, Ukrayna prezidenti ilə görüşdən sonra Abramoviç Rusiya liderini görmək üçün Moskvaya uçub və ona Zelenskinin Ukraynanın sülh sazişinin şərtləri ilə bağlı mövqeyini əks etdirən əlyazmasını verib. Putinin ilkin cavabı birmənalı olub: “Ona deyin ki, onları əzəcəyəm”.
Qəzetin yazdığına görə, daha sonra iş adamı İstanbula qayıdıb və orada danışıqlarda Ukraynanın nümayəndə heyətinin üzvü, Ali Radanın deputatı Rustem Umerovla əlaqə saxlayıb.
Daha əvvəl “Financial Times” mənbələrə istinadən yazıb ki, Putin Abramoviçin danışıqların təşkilində iştirakını şəxsən bəyənib. İddia olunurdu ki, iş adamı bir sıra potensial vasitəçilərlə, o cümlədən Almaniyanın keçmiş kansleri Gerhard Şröderlə görüşlər keçirib. O, Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski ilə də danışıb.
Martın 24-də Kremlin sözçüsü Dmitri Peskov rusiyalı milyarderin iki ölkə arasında danışıqların təşkilinin ilkin mərhələsində iştirak etdiyini təsdiqləyib. O əlavə edib ki, hazırda danışıqlar qrupları prosesə cəlb olunub.
Moskva və Kiyev arasında danışıqlar fevralın 27-də, Rusiyanın Ukrayna ərazisini işğala başlamasından üç gün sonra başlayıb.