7 il həbs alan Ata Abdullayevin aclıq aksiyasına başladığı bildirilir

7 il həbs alan Ata Abdullayevin aclıq aksiyasına başladığı bildirilir
26 Mart 2022
Mətni dəyiş

7 illik həbs cəzasına məhkum edilən Ata Abdullayevin ona kəsilmiş hökmə etiraz olaraq, aclıq aksiyasına başladığı bildirilir. Sosial şəbəkələrdə onun bu haqda səs yazısı yayılıb.

“Çox hörmətli prezidentimiz və əziz Azərbaycan xalqı. Məhkəmənin mənə verdiyi ədalətsiz hökmə əsasən, 7 il azadlıqdan məhrum edilmişəm. Ona görə də bu gündən həmin hökmə etiraz olaraq, aclıq aksiyasına başlayıram. Prezidentimi və xalqımı sevdiyimə görə azadlıqdan məhrum edilmişəmsə, bu yolda ölməyə də hazıram. Məni sevən və sevməyən hər kəsdən mənə mənəvi dəstək olmalarını xahiş edirəm. Allah Azərbaycanımızı qorusun! İlhamla irəli!”, – yayılan səs yazısında Ata Abdullayev bunları deyir.

Novruz bayramı ilə əlaqədar ölkədə qeyri-iş günləri olduğundan Ata Abdullayevin aclıq etməsi haqda yayılan məlumata Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.

Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasında saxlanılan Ata Abdullayevin işinə hazırda Bakı Apellyasiya Məhkəməsində baxılır. O, 7 il azadlıqdan məhrum edilməsi haqda Bakı Ağır Cinayətlər Məhkəməsində dekabrda çıxarılmış hökmdən apellyasiya şikayəti verib.

Ata Abdullayev 2021-ci il martın 12-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsilə ittiham olunur.

İttihama əsasən, Ata Abdullayev Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən, Avropa Oyunları, “Formula-1” kimi yarışlarla bağlı yaradılan Əməliyyat Komitəsinin mühasibi vəzifəsində çalışmış Elmar Əliyevə zəng edərək, ondan 10 min manat tələb edib. Sonda 2400 manatlıq “iPhone 11Pro Max” markalı telefon aldırıb. Abşeron rayon İcra Hakimiyyəti başçısının Masazır qəsəbəsi üzrə icra nümayəndəsi Şahlar Həsənovdan isə 6000 manat pul istəyib. O, icra nümayəndəsini Masazırda məişət tullantılarının vaxtında daşınmamasıyla bağlı video yaymaqla hədələyib.

Ata Abdullayevin aşmış ağacı videoya çəkərək, sahibkar Cəmil Babayevi ağacları kəsməkdə günahlandırıb, ondan da pul tələb etdiyi iddia olunur. Onun haqqındakı cinayət işində daha bir zərərçəkmiş isə Elçin Əliyevdir. DTX əməkdaşı olmuş Elçin Əliyevi qanunsuz tikinti aparmaqda ittiham edərək, 15 min manat pul tələb etdiyi də ittihamda yazılıb.

Lakin Ata Abdullayev bu ittihamları qəbul etmir, heç kimdən pul tələb etmədiyini deyir.

O, bundan əvvəl də iki dəfə – hərbi xidmətdən yayınma və online şəkildə kartlardan oğurluq edib təyyarə biletləri alıb başqalarına satmağa görə məhkum edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun