22 Fevral 2022
Mətni dəyiş
Ukraynanın xarici işlər naziri ölkənin prezidenti Vladimir Zelenskidən Rusiya ilə diplomatik əlaqələrin kəsilməsi məsələsinə baxmağı xahiş edib.
Ukraynanın “Segodnya” informasiya agentliyi bildirib ki, bu barədə Zelenski Estoniyanın prezidenti Alar Karislə mətbuat konfransı zamanı məlumat verib.
˝Biz dövlətimizin ərazi bütövlüyünə və suverenliyinə hücumla qarşı-qarşıyayıq. Mənə Xarici İşlər Nazirliyindən təklif gəlib ki, Rusiya Federasiyası ilə diplomatik əlaqələrin kəsilməsi məsələsini nəzərdən keçirim. Mətbuat konfransından dərhal sonra bu məsələ üzərində işləyəcəyəm˝, ukraynalı prezident deyib.
Zelenski əlavə edib ki, “Luqansk və Donetsk xalq respublikalarının tanınması ilə Rusiya Ukraynaya qarşı aqressiya üçün hüquqi əsas yaradır”.
Fevralın 21-i Vladimir Putin qondarma Luqansk və Donetsk Xalq Respublikalarının tanınması ilə bağlı fərman imzalayıb.
Fevralın 22-si Rusiyanın Dövlət Duması separatçı bölgələrlə dostluq və əməkdaşlıq müqavilələrini ratifikasiya edib.
Fevralın 22-si gecə saatlarında Vladimir Zelenski televiziya vasitəsilə xalqa müraciət edib. O, Rusiyanın hərəkətlərini Ukraynanın suverenliyini pozulması və Minsk danışıqlarından birtərəfli çıxış kimi dəyərləndirib. Zelenski həmçinin bildirib ki, Ukrayna problemin sülh yolu ilə həllinin tərəfdarıdır.