Ləğv prosesində olan “Zaminbank” ASC-nin Müşahidə Şurasının sabiq sədri Nadir İsmayılovun əmlakı müsadirə edilib. Bu barədə qərarı Bakı Ağır Cinayətlər Məhkəməsi çıxarmışdı.
Müsadirə edilənlərin siyahısında Bakıda bir neçə mənzil, torpaq sahələri, qeyri-yaşayış yerləri, yaşayış evi və bir neçə avtomobil var. Nadir İsmayılov bundan əvvəl fevralın 4-də məhkəmənin qərarı ilə 14 il azadlıqdan məhrum edilmişdi.İttiham aktına əsasən, 2016-cı ildən fəaliyyəti dayandırılmış “Zaminbank” ASC-nin Müşahidə Şurasının sədri vəzifəsində işləmiş İsmayılov Nadir Əmir oğlu 2010-2015-ci illərdə banka məxsus külli miqdarda pul vəsaitini mənimsəməklə ASC-nin əmlak hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə edib.
Bundan başqa, N.İsmayılov 2012-2019-cu illərdə ayrı-ayrı vətəndaşların ümumilikdə 5 milyon 175 min manat məbləğində pul vəsaitini ələ keçirərək həmin şəxslərə qarşı dələduzluq edərək bilə-bilə saxta sənədlərdən istifadə edib.
İş üzrə toplanan sübutlar əsasında N.İsmayılova Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və digər maddələri ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.