Yunanıstan hərbçiləri Egey dənizində iki türk balıqçı qayığına atəç açıb. Bu barədə Türkiyə Sahil Mühafizəsi Komandanlığı məlumat yayıb. Açıqlamada atəşin niyə açıldığı qeyd olunmayıb.
Ancaq bildirilib ki, hadisə ötən gün axşam saatlarında Saqqız adası və İzmirin Qaraburun rayonu arasında baş verib. Atəş nəticəsində 1 nəfər yaralanıb. Türkiyə Sahil Mühafizəsi Komandanlığı qeyd edib ki, Yunanıstan qüvvələrinin müdafiəsiz balıqçılara atəş açması qəbuledilməzdir, insanlıq cinayətidir. Hələlik Yunanıstan tərəfi rəsmi açıqlama yaymayıb. Bundan əvvəl 2020-ci ildə də hər iki ölkə arasında sular üzərində gərginlik yaşanıb. Türkiyə-Yunanıstan siyasi münasibətləri uzun müddətdir ki, gərgin olaraq qalır.