“Yeni İctimai Nəzarət Şurası” adı altında vətəndaşları aldadıb rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən Ramil Şükürov həbs edilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Məlumatda qeyd olunur ki, bu istiqamətdə əməliyyatı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qrupu aparıb. Prokurorluq bildirib ki, “Yeni İctimai Nəzarət Şurası” adlı təşkilatın ofisinə baxış keçirərkən, oradan iş üzrə əhəmiyyət kəsb edən çoxsaylı sübut və məlumatlar aşkar edilib. Baş Prokurorluq Ramil Şükürovu və istintaq çərçivəsində saxlanılan digər dəstə üzvlərini aztəminatlı ailələrin yaşayış və maddi vəziyyəti ilə bağlı problemlərinin həlli, eləcə də şəhid və qazi ailələrinə yardım edilməsi adı ilə ayrı-ayrı vətəndaşlardan toplanılan ianə pullarını mənimsəməkdə və başqa cinayət əməllərində ittiham edir. Qeyd olunub ki, İş üzrə toplanan sübutlar əsasında Baş İdarədə Cinayət Məcəlləsinin (CM) müvafiq maddələri ilə cinayət işi başlanılıb, hər üç şəxs şübhəli şəxs qismində tutularaq onlara CM-nin 178.2.1 (dələduzluq- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.2 (dələduzluq- təkrar törədildikdə), 178.2.3 (dələduzluq- şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilikdə), 178.2.4 (dələduzluq- xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona təkrarən rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilib, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.