"Düşmənin təxribat qüvvələri Kiyevə daxil olub. Paytaxtda öz xalqımla qalıram, ailəm də Ukraynadadır. Məlumat var ki, düşmən məni 1 nömrəli, ailəmi isə 2 nömrəli hədəf seçib".
Bunu Ukrayna prezidenti Vladimir Zelenski xalqa müraciətində deyib. O bildirib ki, heç kim Ukraynaya zəmanət vermək istəmir: “Bu gün başqa dövlətlərin rəhbərləri ilə nə qədər söhbət etmişəmsə də, bir neçə şey eşitmişəm. Birincisi, bizə dəstək verilir. Mən Ukraynaya xüsusi yardım edən hər bir dövlətə minnətdaram. Yalnız sözlərlə deyil. Amma ikinci bir şey də var - dövlətimizin müdafiəsində tək qalmışıq. Kim bizimlə döyüşməyə hazırdır? Mən bunları görmürəm. Ukraynaya NATO-ya daxil olmaq üçün kim zəmanət verməyə hazırdır? Hamı qorxur”, - deyə Zelenski bildirib. Zelenski deyib ki, Rusiyanın hücumları nəticəsində Ukraynada 137 əsgər həlak olub, 116 əsgər isə yaralanıb. "Biz tək qaldıq. Heç kim bizim üçün döyüşmək istəmir. Bizi NATO-ya qəbul etmək istəmirlər, təhlükəsizlik zəmanəti verməkdən qorxurlar. Bu gün 27 Avropa liderindən Ukraynanın NATO-ya üzv olub-olmayacağını soruşdum, birbaşa soruşdum. Hamı qorxur. Cavab vermirlər. Və biz heç nədən qorxmuruq. Biz Rusiyadan qorxmuruq. İndi ölkənin taleyi ordumuzdan və xalqımızdan, sizin müdrikliyinizdən və Ukraynanın bütün dostlarının böyük dəstəyindən asılıdır”, - deyə o, əlavə edib.