18 Fevral 2022
Mətni dəyiş
Ukraynanın şərqindəki separatçıların lideri sakinləri Rusiyaya təxliyə etməyə çağırıb.
Özünü müstəqil elan etmiş Donetsk Xalq Respublikasının (DXR) rəhbəri Denis Puşilin açıqlamasında bildirib ki, təxliyə tövsiyəsi hərbi vəziyyətin “kəskin gərginləşməsi” ilə bağlıdır.
O, Ukrayna qüvvələrini təmas xətti boyunca “qoşunlar və ölümcül silahlar” toplamaqda ittiham edib və ordunun hazırda “döyüş vəziyyəti aldığını və Donbası zorla ələ keçirməyə hazır olduğunu” iddia edib.
“Düşmən respublikanın yaşayış məntəqələrini atəşə tutsa, vətəndaşlarımızın həyatı və sağlamlığı təhlükə altına düşə bilər. Bu səbəbdən bu gündən, fevralın 18-dən əhalinin Rusiya Federasiyasına kütləvi şəkildə mərkəzləşdirilmiş təxliyəsi təşkil edilib”, - o bildirib.
O, əlavə edib ki, təxliyyə Moskva ilə razılaşdırılıb və “Rostov vilayətində vətəndaşlarımızın qəbulu və yerləşdirilməsi üçün şərait hazırdır”.
Nəzarət-keçid məntəqələrində sürətli keçid üçün hər cür şərait yaradılıb. İlk olaraq qadınlar, uşaqlar və qocalar təxliyə edilməlidir”, - deyə o, sözlərinə davam edib.