2 Fevral 2022
Mətni dəyiş
Ukraynalı deputatlar Rusiya ilə gərginlikdə ölkələrinə dəstək verən xalqların bayraqlarını parlamentdə açaraq onlara təşəkkür ediblər.
Rusiyanın Ukrayna sərhədinə yığdığı 100 min əsgər və hərbi texnika ilə işğal təhlükəsi yaratması və bunun müqabilində NATO-nun Ukraynanı üzv olaraq qəbul etməyəcəyinə dair vədi də daxil olmaqla, bəzi təhlükəsizlik təminatları istəməsi fonunda davam edən gərginlikdə ABŞ və bir çox NATO üzvü olan ölkə Ukraynanı dəstəkləyir.
Ali Radada bu dəstəyə cavab olaraq “təşəkkür və Rusiya təcavüzünə reaksiya” aksiyası keçirilib. Kürsü önünə toplaşan deputatlar Türkiyə, NATO, Kanada, İngiltərə, Amerika Birləşmiş Ştatları, Danimarka, Çexiya kimi ölkələrin bayraqlarını qaldırıblar.
Ukrayna prezidenti Vladimir Zelenski də bu dəstəyi vurğulamaq üçün ölkəsinə səfər edən Britaniya, Polşa və Hollandiya siyasətçilərinə təşəkkür edib və Böyük Britaniya, Polşa və ölkəsi arasında yeni siyasi əməkdaşlığın başlayacağına işarə edib.
Dəstəklərə baxmayaraq, Qərb dövlətlərinin Rusiyanın hücumu zamanı öz qoşunlarını göndərərək şəxsən döyüşməyi öhdəsinə götürməməsi diqqəti çəkir.
Zelenski qarşıdakı 3 ildə yeni qanun layihəsi hazırlanacağını və ölkəsindəki əsgərlərin sayının 100 minə çatdırılacağını açıqlayıb və bu qərarın müharibənin yaxınlaşdığı üçün deyil, sülh üçün olduğunu vurğulayıb.