Fevralın 24-də Rusiya Ukraynada genişmiqyaslı hərbi əməliyyatlara başlayıb.
Azərbaycanda Diasporla iş üzrə Dövlət Komitəsinin məlumatına görə, Ukraynada hazırda 500 min azərbaycanlı yaşayır.
“Toplum TV” Ukraynada yaşayan azərbaycanlılarla əlaqə saxlayıb, onların vəziyyətini öyrənməyə çalışıb.
“Yaşadıqlarımız Qarabağla eyni hadisədir”
Naidə Cəfərova uzun müddətdir ailəsilə birgə Xarkovda yaşayır. Deyir ki, bərk atışma getməsə də müharibənin abu-havasındadırlar. “Biz şəhərin girəcəyinə 5 dəqiqəlik məsafədə yaşayırıq və bombaların dumanı evimizin pəncərəsindən görünür. Burda bəziləri düşünür ki, əsas odur ki, heç kəs öldürülməsin. Amma bəzi şəxslər də Ukrayna bayraqlarının çıxarılıb yerinə rus bayraqlarının sancılmasını istəmir. Hamı hazır vəziyyətdə önəmli əşyalarını hazırlayıb gözləyir. Metrolara, zirzəmilərə sığınanlar da var. Kiyev, Xarkov, bütün böyük şəhərlər atəşə tutulub. Burda müharibə gedir. Bura mənim evimdir, tərk etmək istəmirəm. Sığınacaqlar hazırlanır. Gecə nə olacaq bilinmir. Hamı qaçmağa çalışır”. Naidə Azərbaycanın Ukraynadakı vətəndaşlarını burdan çıxarmağa borclu olduğunu deyir: “Amma Ukrayna vətəndaşı olan azərbaycanlılar evlərini atıb getmək istəmir. Burda rus bayraqları altında yaşamaq istəmirik. Yaşadıqlarımız Qarabağla eyni hadisədir. Kaş bunlar baş verməyəydi. Əhval ruhiyyənin yaxşı olduğunu deyə bilməyəcəm”.
Naidə Cəfərova tezliklə rahat həyatlarına geri dönəcəklərini ümid edir.
«Səfirlik heç vaxt Azərbaycan vətəndaşları ilə maraqlanmayıb»
Samir Ağayevin 29 yaşı var. Odessada taksi sürücüsü işləyir. Deyir ki, səhər raket zərbəsinin səsinə oyanıb: “Daha təhlükəsizdir deyə, Odessadan 200 km uzaqda Nikolayevski oblastına gəlmişəm. Böyük şəhərlərdə atışma var, həm sivillər, həm bazalar vurulur. Kiyev, Odessa, Dnepr, Xarkovda panika var. Orda vəziyyət daha ağırdır”.
O deyir ki, Polşa və Slovakiya sərhəddi açıqdır, Rumınya isə kontrollu şəkildə insanları buraxır:
“Azərbaycanlılar dönmək barədə düşünmür. Bu fikirdə olanlar çoxdan gediblər. Çoxları Qərbi Ukraynaya təhlükəsiz olduğunu düşündükləri üçün getmək istəyirdilər. Amma artıq Lvov şəhərini də vururlar. Rusiya Kiyevdə daha dəhşətlidir. Mənim olduğum yerə 150 km uzaqlıqda olan Xerson şəhərinə artıq rus ordusunun yaxınlaşdığı deyilir. Əhali arasındakı panikanı azaltmaq üçün Zelenski brifinqlər etsə də, hələ ki xeyri yoxdur. Rusiya propaqandası işləyir. S.Ağayev dolların bahalaşdığını, hələ ki ərzaq və elektrikdə problem olmadığını deyir: “Ola bilsin ki, bu axşam etibarilə başlasın. Amma benzin üçün uzun növbələr yaranıb”.
O bölgədə Atom Elektrik Stansiyası (AES) olduğundan əhalinin narahatlığının daha artıq olduğunu bildirir: “Əgər ora vurulsa, daha dəhşətli hadisələr baş verə bilər”.
S.Ağayevin sözlərinə görə, səfirlik azərbaycanlılarla maraqlanmır: “Səfirlik həmişəki kimi yenə də azərbaycanlıları taleyin ümidinə buraxıb, işləmirlər. Dediklərinin 90 faizi də yəqin ki, yalandır. Onlar heç vaxt Azərbaycan vətəndaşları ilə maraqlanmayıblar”.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin fevralın 24-nə olan açıqlamasına görə, Ukraynadakı vəziyyətlə əlaqədar, bu ölkədə daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına müraciət edərək onlardan hərbi qüvvələrin cəmləşdiyi ərazilərə (Ukraynanın şərq bölgəsində yerləşən sərhəd vilayətlərinə) səyahət etməməyi, habelə ölkə ərazisindəki hərbi obyektlərdən uzaq olmalarını tövsiyə edir. Xüsusi hallar ilə bağlı vətəndaşlar Azərbaycan Respublikasının Kiyev şəhərindəki səfirliyi ilə (+380 73) 5050000 telefon xətti və [email protected] elektron poçt ünvanı, Xarkov şəhərindəki fəxri konsulluğu ilə (+38057) 7000531 telefon xətti və [email protected] elektron poçt ünvanı ilə məlumat əldə edə bilərlər.