5 Fevral 2022
Mətni dəyiş
YouTube Ukraynanın şərqindəki Luqansk və Donetsk bölgələrində Rusiyanın dəstəklədiyi separatçılar tərəfindən idarə olunan bir neçə kanalı bloklayıb.
Bu barədə qondarma Donetsk Xalq Respublikası (DXR) və Luqansk Xalq Respublikası (LXR) separatçılarının nümayəndələri bildiriblər. Məlumata görə, 4 fevral tarixindən DXR-nin Xalq Polisi, Luqanskinformcenter xəbər agentliyi və Radio Company, eləcə də LPR-nin Xalq Polisinin mətbuat xidmətinin YouTube kanalları bloklanıb.
Bundan əlavə YouTube Ukraynada fəaliyyət göstərən rusiyayönlü First Independent və UkrLive televiziya kanallarının da hesablarını bloklayıb.
"Luqanskinformcenter"-ın YouTube kanalında fevralın 4-dən etibarən ekranda "YouTube-un ictimai qaydaları pozulduğu üçün silinmişdir" deyə, bildirilir.
Texnologiya nəhəngi Google-a məxsus olan YouTube, Rusiyanın Ukrayna sərhədi boyunca qoşun toplayaraq, qonşusunun ərazisinə müdaxilə edə biləcəyi ilə bağlı narahatlıqların artması fonunda atılan addımı şərh etməyib.
Donbasın bəzi hissələri 2014-cü ildə Rusiyanın Ukraynanın Krım yarımadasını qanunsuz olaraq ilhaq etməsindən sonra separatçıların nəzarəti altındadır.
Ərazidə baş verən hərbi qarşıdurmalarda 13200-dən çox insan həlak olub.
Rusiya separatçılara hərbi, iqtisadi və siyasi dəstək verir. Bunun əksini sübut edən kifayət qədər dəlilin olmasına baxmayaraq, Moskva Ukraynanın daxili işlərinə qarışmadığını iddia edir.