Ukraynanın Müdafiə Nazirliyi son qarşıdurmalarla bağlı açıqlama yayıb.
Bildirlir ki, gecə ərzində iki Ukrayna əsgəri öldürülüb, atəşə məruz qalan daha 12 əsgər isə yaralanıb.
Nazirlik qeyd edib ki, Ukraynada son 24 saat ərzində Rusiyanın dəstəklədiyi qüvvələr tərəfindən 84 pozuntu qeydə alınıb.
Onlardan 64-də Minsk razılaşmasında qadağan edilən silahlardan istifadə edilib.
Ukrayna Xarici İşlər Nazirliyi isə Rusiyanın Luqansk və Donetsk vilayətlərinin müstəqil dövlət kimi tanınması qərarını pisləyən rəsmi bəyanat yayıb.
Nazirlik qərarın “hüquqi əhəmiyyəti olmadığını” və “vəziyyəti kəskin şəkildə gərginləşdirdiyini”, – deyir.
Fevralın 22-də səhər saatlarında yayılan bəyanatda deyilir ki, Ukrayna tərəfi Rusiyanın niyyətlərini və Ukraynanı təxribata çəkmək məqsədini başa düşür: “Biz Rusiya-Ukrayna silahlı münaqişəsinin siyasi-diplomatik həllinə sadiq qaldığımız üçün bütün riskləri nəzərə alırıq və təxribatlara boyun əyməyəcəyik”.
Eyni zamanda, Ukraynanın müdafiə naziri ölkəsinin özünü Rusiyadan müdafiə etməyə “hazır və qadir” olduğunu bildirib. Əlavə edib ki, dünya bu hadisəyə səssiz qalmamalıdır.
Ukrayna prezidenti Vladimir Zelenski ATƏT çərçivəsində xüsusi iclasın, Normandiya dördlüyünün fövqəladə sammitinin keçiriləcəyini elan edib.
O, fevralın 22-də gecə ölkə vətəndaşlarına müraciət edib.
O deyib ki, Rusiyanın hərəkətləri və bəyanatlarına baxmayaraq, Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri dəyişməz qalacaq.
“Biz sakitik və özümüzə arxayınıq. Üstəlik, hər şeyə hazırıq. Amma Donetsk və Luqansk vilayətlərində işğal olunmuş rayonların tanınması Rusiyanın Minsk sazişlərindən birtərəfli qaydada çıxması deməkdir. Bu, sülh cəhdləri və danışıqlar formatına zərbə vurur. Bugünkü və sabahkı qərarlarla Rusiya 2014-cü ildən Donbasda olan qüvvələrini qanuniləşdirir. Səkkiz ildir ki, müharibəni dəstəkləyən ölkə sülhü dəstəkləyə bilmir, özü bunu bəyan edir”, – Zelenski deyib.
Prezident əlavə edib ki, Ukrayna diplomatik tənzimləmə siyasətini davam etdirir, hər hansı provokasiyaya boyun əymir: “Sərhədlərimiz etibarlı şəkildə qorunur, tərəfdaşlarımız bizi dəstəkləyir. Ukraynanın öz sərhədlərini qorumaq haqqı var. Biz provokasiya ilə düşmənin qoşunlarının hücumunu yaxşı ayırd edirik. Həqiqət bizimlədir. Biz sülh və diplomatiya yoluna sadiqik. Yalnız onunla irəliləyəcəyik. Öz torpağımızdayıq. Heç kimdən, heç nədən qorxmuruq”.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının üzvləri Rusiyanın hərəkətlərini pisləyib.
Şuranın iclasında ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Hindistan, İrlandiya, BƏƏ, Keniya və Qanadan olan nümayəndələr Ukraynada müharibənin qarşısını almaq üçün sülh və diplomatiyaya çağırış edib.
Sessiyada çıxış edən ABŞ səfiri Linda Tomas-Qrinfild Putinin Rusiya qoşunlarının Donetsk və Luqansk bölgələrində “sülhməramlı” rol oynayacağına dair iddiasına şübhə ilə yanaşdığını söyləyib.
“O, onları sülhməramlılar adlandırır. Bu, cəfəngiyyatdır. Biz onların həqiqətən nə olduğunu bilirik”, – Linda Tomas-Qrinfild bildirib.
Putinin son iddialarına toxunan səfir deyib ki, onun sözləri “müharibə üçün bəhanə yaratmaq” məqsədi daşıyan “qeyri-qanuni, yalan iddialar silsiləsi”dir: “Putin imperiyaların dünyanı idarə etdiyi dövrə qayıtmaq istəyir. Hazırda biz 1919-cu ildə deyilik”.
Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi Dame Barbara Woodward isə mümkün işğalın humanitar təsirindən danışıb.
O bildirib ki, Rusiyanın bu gün seçdiyi yolun ağır və uzanmüddətli nəticələri olacaq: “Əvvəla ən böyük təsirlər insan həyatına olacaq. Ukraynanın işğalı Ukrayna xalqının üzərinə müharibə, ölüm və dağıntıları yükləyir. Sərhədləri güc yolu ilə yenidən çəkmək istəyən Rusiyanın hərəkətləri beynəlxalq hüquqa açıq-aşkar hörmətsizlikdir”.
Ukraynanın səfiri Sergiy Kislytsya isə çıxışında deyib ki, Rusiyanın hərəkətlərinə baxmayaraq, ölkəsinin sərhədləri “dəyişməz” qalıb: “Biz öz torpağımızdayıq. Biz heç nədən və heç kimdən qorxmuruq, heç kimə borcumuz yoxdur və heç kimə heç nə verməyəcəyik. Buna heç kimin şübhəsi olmasın”.
Səfir əlavə edib ki, Ukraynanın beynəlxalq sərhədləri dəyişməzdir və belə də qalacaq: “Biz Rusiyadan tanınma qərarını ləğv etməyi və danışıqlar masasına qayıtmağı tələb edirik. Rusiyanın Ukrayna ərazilərinə işğalçı qoşunlarının yerləşdirilməsi əmrini pisləyirik. Həmin qoşunların dərhal ərazidən çıxarılmasını tələb edirik”.
İngiltərənin xarici işlər naziri Liz Truss Putinin hərəkətlərinin “cəzasız qalmasına” icazə verilə bilməyəcəyini söyləyib.
Əlavə edib ki, Böyük Britaniya bu gün Rusiyaya qarşı yeni sanksiyalar elan etməyə hazırlaşır.
“Sanksiyalar Rusiyanın beynəlxalq hüququn pozulmasına və Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hücumuna cavab olacaq. Mən Rusiyanın Ukraynanın suverenliyinə son hücumundan sonra Avropa Birliyinin xarici işlər üzrə ali nümayəndəsi Josep Borrell ilə danışdım. Biz Putin rejiminə qarşı tez bir zamanda sanksiyalar tətbiq etmək və Ukrayna ilə çiyin-çiyinə durmaq üçün razılaşdıq”, – deyə nazir əlavə edib.