23 Fevral 2022
Mətni dəyiş
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası Donetsk və Luqansk vilayətləri istisna olmaqla, ölkə ərazisində fövqəladə vəziyyətin tətbiqi barədə qərar qəbul edib. UNİAN xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov məlumat verib.
İndi Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarını Ukrayna Ali Radası təsdiqləməlidir.
Danilovun sözlərinə görə, fövqəladə vəziyyət rejimi 30 gün müddətinə tətbiq ediləcək, lazım gələrsə, Ukrayna prezidenti onu daha 30 gün müddətinə uzada bilər.
Danilov bildirib ki, fövqəladə vəziyyət şəraitində ictimai asayiş gücləndirilə və nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər. Onun sözlərinə görə, komendant saatı bəzi bölgələrdə yalnız lazım gəldikdə - Rusiya tərəfindən təcavüzün gücləndiyi təqdirdə tətbiq ediləcək.
Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi əmin edib ki, fövqəladə vəziyyət rejiminin tətbiqi ukraynalıların həyatına “radikal” təsir göstərməyəcək.
Bundan əvvəl, Ukrayna xarici işlər naziri öz vətəndaşlarına Rusiya Federasiyasına səfər etməkdən çəkinməyi, artıq Rusiya ərazisində olanlara isə bu ölkəni dərhal tərk etməyi məsləhət görüb.
Nazirliyin mətbu orqanında qeyd edilir ki, bu addımlar “Rusiyanın Ukraynaya olan aqressiyasının artması” ilə əlaqədardır. Ukrayna Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir ki, məsləhətlərə əməl edilməməsi Rusiyadakı Ukrayna vətəndaşlarının lazımi müdafiəsinin təşkilini çətinləşdirəcək.
Fevralın 21-i Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Rusiya vətəndaşlarına müraciətində Ukrayna hakimiyyətini sərt tənqid edib və bundan sonra separatçı Luqansk və Donetsk Xalq Respublikalarının müstəqilliklərini tanınması barədə fərman imzalayıb.
Buna cavab olaraq fevralın 22-si gecə Ukrayna prezidenti Vladimir Zelenski televiziya vasitəsilə xalqa müraciət edib. O Rusiyanın hərəkətlərini Ukraynanın suverenliyinin pozulması və Rusiyanın Minsk razılığından birtərəfli imtinası kimi qiymətləndirib. Zelenski həmçinin qeyd edib ki, münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. Sonra o, Rusiya ilə diplomatik əlaqələrin kəsilməsi məsələsinə baxacağını bildirib.
Ukrayna prezidenti həmçinin ehtiyatda olan hərbçilərin orduya çağırılması haqqında fərman imzalayıb.