14 Fevral 2022
Mətni dəyiş
Fevralın 13-də Kiyevdən ukraynalı iş adamları ilə dolu 20-yə yaxın çarter reysi və şəxsi təyyarə havaya qalxıb. Belə bir hal son 6 ildə ilk dəfə müşahidə olunub.
Bu barədə “Ukrayinska Pravda” yazıb.
Həmin gün Rinat Axmetov (Forbes-in ən varlı ukraynalılar siyahısında 1-ci yer) və Boris Kolesnikovun (55-ci yer) təyyarələri Ukraynanı tərk edib. Nəşrin yazdığına görə, əslində Axmetov yanvarın 30-da ölkəni tərk edib, indi də onun təyyarələrindən biri Kiyevi tərk edib. Kolesnikov isə Ukraynada olduğunu və heç bir yerə getmək fikrində olmadığını bildirib.
Son həftələrdə bir çox iş adamı Ukraynanı tərk edib. Beləliklə, yanvarın 30-da Viktor Pinçuk (Forbes siyahısında 2-ci yer), fevralın 10-da Vadim Novinski (8-ci) və Aleksandr Yaroslavski (9-cu), fevralın 12-də Vasili Xmelniski (29-cu) və Vadim Stolar (64-cü), 13 fevralda Andrey Stavniser (49) və Vadim Nesterenko (96) ölkədən gedib.
Stavniserin nümayəndəsi bildirib ki, o, ezamiyyətdədir və tezliklə qayıdacaq. Xmelniskinin mətbuat xidməti onun gedişinin əvvəlcədən planlaşdırıldığını, fevralın 20-də qayıdacağını, biznesmenin uşaqlarının isə Ukraynada qaldığını bildirib.
Ukraynalı iş adamı, “Müxalifət Platforması - Həyat naminə” fraksiyasının deputatı İqor Abramoviç, nəşrin mənbələrinə görə, partiya üzvlərinin qohumlarını, eləcə də biznes tərəfdaşlarını Kiyevdən Vyanaya aparmalı olan 50 nəfərlik təyyarə sifariş edib.
ABŞ hakimiyyəti ötən həftə etiraf edib ki, Rusiya “istənilən vaxt, o cümlədən Olimpiya Oyunları zamanı” Ukraynaya müdaxilə edə bilər. KİV-in məlumatına görə, ABŞ kəşfiyyatı və ordusu NATO-ya işğalın fevralın 16-da başlaya biləcəyi barədə xəbərdarlıq edib. Eyni zamanda, ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib ki, ABŞ dəqiq tarixi proqnozlaşdıra bilməz. Rusiya hakimiyyəti Ukraynaya hücum planlarını inkar edir.