Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov hakimiyyəti “gənc liderlərə” vermək niyyətində olduğunu bildirib. Onun bu açıqlaması hakimiyyəti oğluna ötürməklə bağlı söz-söhbətlərin yayıldığı bir vaxta təsadüf edir.
64 yaşlı avtoritar dövlət başçısı bu barədə fevralın 11-də Türkmənistan lideri kimi 15 illik yubileyini qeyd edərkən Xalq Məsləhətinin iclasında açıqlama verib.
Fevralın 11-də Xalq Məsləhətinin iclası ilə Nazirlər Kabinetinin birləşdirlmiş iclasında Berdiməhəmmədov düz 15 il əvvəl prezident seçildiyini qeyd edərək, yorulduğuna eyham vurub.
“Düz 15 ildir ki, mən çox yüksək və çox məsuliyyətli -Türkmənistan prezidenti vəzifəsində çalışıram. Eyni zamanda, mən Türkmənistan Nazirlər Kabinetinin sədri, Dövlət Təhlükəsizlik Şurasının sədri, Türkmənistan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Türkmənistanın Xalq Məsləhəti Milli Şurasının sədri kimi fəaliyyət göstərirəm”, - deyə Berdiməhəmmədov bildirib-rəsmi açıqlamada deyilir.
O, iki il əvvəl peyğəmbərlik yaşına çatdığını və "bu gün özü haqqında gəldiyi çətin bir qərarı müzakirə etmək" istədiyini vurğulayıb.
“Ölkəmizin inkişafının yeni mərhələsində dövlət idarəçiliyinə gedən yolun mənəvi mühitdə və dövrümüzün yüksək tələblərinə uyğun tərbiyə almış gənc liderlərə verilməsi fikrini dəstəkləyirəm. Mən Xalq Məsləhətinin sədri kimi böyük həyat və siyasi təcrübəmi bundan sonra da bu sahəyə yönəltmək niyyətindəyəm”, - deyə Türkmənistan dövlət başçısı bildirib.
Bir müddətdir ki, Berdiməhəmmədovun hakimiyyəti sentyabrda 40 yaşı tamam olan və prezident olmaq üçün qanunla müəyyən edilmiş yaş həddinə çatan oğlu Serdar Berdiməhəmmədova ötürməyə cəhd edəcəyi ilə bağlı şayiələr dolaşır.
Serdar Berdiməhəmmədov keçən il baş nazirin müavini vəzifəsinə seçilib və hazırda bu, onun tutduğu bir neçə rəsmi vəzifədən biridir.
Qurbanqulu Berdiməhəmmədovun prezident kürsüsünü tərk edəcəyi ilə bağlı eyhamından az sonra Türkmənistan Mərkəzi Seçki Komissiyası növbədənkənar prezident seçkilərinin vaxtını açıqlayıb.
"Prezident bizə martın 12-də keçiriləcək növbədənkənar seçkilərə hazırlaşmağı tapşırıb", - AFP xəbər agentliyi Türkmənistan Mərkəzi Seçki Komissiyanın mətbuat katibi Bezirgen Qarriyevdən sitat gətirib.