Türkiyənin İstanbul Konvensiyasından çıxmasından sonra keçirilən etiraz aksiyalarında iştirak edən iranlılar ölkədən deportasiya edilib.
2021-ci ildə İstanbul Konvensiyası ilə bağlı çağırışa qoşulan Leili Fərəci, Zeynəb Səhafi, İsmayıl Fəttahi və etirazlarda iştirak etməyən Məhəmməd Paurkabari Kərmani 5 apreldə saxlanılmışdılar. Saxlanıldıqdan sonra ictimai asayışı pozmaqda ittiham olunaraq məhkəməyə çıxarılan fəallarla bağlı deportasiya qərarı çıxarılmışdı. Onlar Aydın Gerigöndərmə Mərkəzində saxlanılırdılar. Son olaraq, qərarın ləğvi üçün Dənizli Məhkəməsinə müraciət edən fəalların şikayəti rədd edilib. Fəallar isə bu qərarın ağır və siyasi olduğunu düşünürlər. "Biz siyasi mühacirik, öz ölkəmizdə insan hüquqları sahəsində fəaliyyət göstərib həbs olunmuşuq, işgəncələr görmüşük. Ona görə mühacirət etmişik. İndi geri qaytarmaq bizi təhlükəyə atmaqdır", - deyə fəallardan biri bildirib. Hələlik Türkiyənin hakimiyyəti məsələ ilə bağlı heç bir açıqlama verməyib.