21 Fevral 2022
Mətni dəyiş
Amerika Birləşmiş Ştatlarının (ABŞ) sabiq prezidenti Donald Trampın “Truth Social” adı altında yaratdığı yeni sosial media platforması bazar günü gecə saatlarında istifadəyə verilib.
“Truth Social” Apple-ın tətbiqlər mağazası vasitəsilə əldə ediləcək.
Ötən il Twitter, Facebook və YouTube sosial media platformaları sabiq prezidentin hesabını həmişəlik blokladıqdan sonra Tramp yeni sosial media platforması yaratmaq qərarına gəlib.
2021-ci il yanvarın 6-da minlərlə tərəfdarı paytaxt Vaşinqtonda Kapitolinin binasına basqın etdikdən sonra Twitter, Facebook və digər sosial media platformaları Donald Trampın onların xidmətlərindən istifadəsinə qadağa qoyub.
2020-ci il seçkilərinin rəsmi nəticələrini qəbul etməyən və onu dəyişdirməyə çalışan keçmiş prezident Donald Trampın çağırışı ilə minlərlə insan Konqresə doğru yürüş edib, onlardan yüzlərləsi seçkilərin rəsmi olaraq təsdiqlənəcəyi Konqres binasına soxulub. O zaman polislə qarşıdurma yaranıb və bina talan edilib.
Sosial media platformaları onun hesablarını həmişəlik dondurduqdan sonra Tramp açıqlamasında demişdi: "Talibanların Twitter-də geniş yer aldığı, lakin sevimli Amerika prezidentinin susdurulduğu bir dünyada yaşayırıq. Bu, qəbuledilməzdir. Tezliklə özümün yaradacağım ˝Truth Social˝-da fikirlərimi paylaşmağa başlayacağam və texnologiya nəhənglərinə qarşı mübarizə aparacağıma görə həyəcanlıyam˝.