Çərşənbə axşamı Bakının Səbail rayon məhkəməsində Demokratik Qüvvələrin Milli Şurasının üzvü Tofiq Yaqublunun prokurorluğun onun polis tərəfindən döyülməsi faktı üzrə cinayət işi açmaqdan imtinası ilə bağlı şikayətinə baxış başlayıb.
Tofiq Yaqublu 2021-ci il dekabrın 1-də Bakıda etiraz aksiyası zamanı saxlanılıb. Bir neçə saat sonra o, bərk döyülmüş vəziyyətdə sərbəst buraxılıb. T.Yaqublu Səbail rayon 9-cu polis bölməsində, daha sonra isə mülki geyimli şəxslər tərəfindən aparıldığı Ələt qəsəbəsinə (Bakıdan 70 km məsafədə) gedərkən yolda döyüldüyünü bildirib.
Yaqublunun üzündə böyük qançırlar olub. Buna baxmayaraq, prokurorluq Yaqublunun polis bölməsində öz-özünə bədən xəsarətləri yetirdiyi qənaətinə gəlib.
Bu gün müdafiə tərəfi xəsarətlərlə bağlı rəy vermiş məhkəmət-tibb ekspertinin prosesə çağırılması və dinlənilməsi barədə vəsatət qaldırıb. Ekspert Yaqubluda bədən xəsarətləri olduğunu qeyd edib, onun öz-özünə bu xəsarətləri yetirə biləcəyi ehtimalını istisna etməyib.
"Onu dinləmək və öz-özümə gözümün içinə qan sızacaq qədər ağır xəsarətləri necə yetirə biləcəyimi soruşmaq lazımdır", deyə Yaqublu məhkəmədə bildirib.
İkinci vəsatət prokurorluğun öz qərarında polis bölməsindəki videomüşahidə kameralarının qeydləri qalmadığı üçün onlara baxmağın qeyri-mümkün olduğunu iddia etməsi ilə bağlı idi. Müdafiə tərəfi bunun necə ola biləcəyini izah etmək üçün polis nümayəndəsinin məhkəməyə çağırılması barədə vəsatət qaldırıb.
Məhkəmə məhkəmə-tibb ekspertinin məhkəməyə çağırılması haqqında vəsatəti təmin edib. İkinci vəsatətə martın 10-da keçiriləcək növbəti iclasda baxılacaq.